BAKI-TBİLİSİ-QARS

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV:

 

“Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün çox önəmli il olacaq. Demək olar ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin birinci ili olacaq. Mən qeyd etmişəm ki, bu yola böyük maraq var və artıq Bakı-Tbilisi-Qars Avrasiyanın nəqliyyat xəritəsini təzələyib və Azərbaycan bu sahəyə öz töhfəsini verib”.

(Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqindən. 10 yanvar 2018-ci il)

***

Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atıb. Gətirə biləcəyi bütün iqtisadi dayaqlarla yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi  olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir.

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları  rəhbərlərinin daim diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda,  həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək  marağında olan başqa ölkələrin də sıx nəqliyyat  əlaqələri qurmasına böyük imkanlar açacaq.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılıb. 20-21 iyul 2002-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev  14 iyun 2004-cü ildə  Gürcüstana rəsmi səfəri zamanı Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini söyləmiş və Azərbaycanın da bu layihədə iştiraka hazır olduğunu bildirmişdir.

 Həmin vaxtdan layihənin reallaşması istiqamətində danışıqlar daha da intensivləşib və ötən müddət ərzində bu bağlantının reallaşması istiqamətində də bir sıra görüşlər keçirilib.

Burada bir vacib faktı da xatırlamağı lazım bilirik. Belə ki, 2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında mühüm bir sənəd də imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında Bəyannamə imzaladılar. Bu Bəyannamə əslində hər üç ölkə rəhbərinin Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin nə qədər gərəkli olduğuna bir baxış idi.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev digər mühüm məsələlərdə olduğu kimi, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının da reallaşmasında öz qəti mövqeyini ortaya qoydu.

Layihə ilə bağlı danışıqların məntiqi zirvəsi, 7 fevral 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin layihəsinin artıq başlanması ilə bağlı sazişin imzalanması oldu.

7 fevral 2007-ci ildə Gürcüstan Parlamentinin binasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşü oldu.  Elə həmin gün (7 fevral 2007-ci il) Gürcüstan Parlamentinin binasında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli regional əməkdaşlıq sammiti sənədlərinin imzalanması mərasimi keçirildi.

Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev 21 fevral 2007-ci ildə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzaladı. 

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Çərçivə Sazişinə əsasən, Azərbaycan layihənin həyata keçirilməsi üçün Gürcüstana illik minimum faizlə 775 milyon dollar kredit verib.

21 noyabr 2007-ci ildə Gürcüstanın Tetri-Skaro rayonunda - Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin, 24 iyul 2008-ci ildə isə Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verildi.

2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısında təkcə üç xalqı, üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının açılış mərasimi olub.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutan açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir. Çünki, bu nəqliyyat arteriyasına qoşulmaqla, Azərbaycan Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yüklər qəbul edə və ya əksinə göndərə biləcək.

Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Müasir texnoloji üstünlüklərlə təchiz olunmuş vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcək.

Bakı-Tiflis-Qars dəmir yolu bağlantısı Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarının daim nəzarətində olan layihədir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu nəqliyyat dəhlizinin əhəmiyyətini dəfələrlə vurğulayıb. O, bildirib ki, biz tərəfdaşlarımız – Gürcüstan və Türkiyə ilə dəmir yolunun inşasının təşəbbüskarı olduq. Biz tərəfdaşlarımız – Gürcüstan və Türkiyə ilə dəmir yolunun inşasının təşəbbüskarı olduq. Bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Biz qarşılıqlı ticarət dövriyyəmizi bu dəmir yolu xətti olmasa belə artıra bilərdik. Ancaq bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirməyə lazımdır. Bu, ən qısa nəqliyyat marşrutudur.

Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.

Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.