Dəmir yolunda “Sağlamlıq günü” keçirilib 14:25 09.10.2018

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr-dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş “Sağlamlıq günü” keçirilib. Tədbirin əsas mahiyyəti, dəmiryolçular işindən ayrılmamaq şərtilə, onlara profilaktik baxışların keçirilməsidir.  

”Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, dəmiryolçuların tibbi müayinəsi aparılır, onların sağlamlıq durumları barədə müvafiq məsləhətlər verilir, ehtiyac yarandıqda isə pasientlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə və müalicə aparılmaları  tövsiyyə olunur. Mütəmadi olaraq keçirilən “Sağlamlıq günü” tədbirləri də görülən işlərin tərkib hissələrindəndir.

Eyni zamanda, qatarların hərəkəti ilə bağlı işçilərin ilkin və dövri tibbi müayinəsi, peşə xəstəliklərinin profilaktikası eləcə də tibb məntəqələrində reysqabağı tibbi baxışlar da həyata keçirilir.

Tədbirdə dəmiryolçuları Bakı dəmir yolu xəstəxanasının 10 həkimi müayinə edib. Ümumilikdə gün ərzində 82 nəfər xəstəxananın həkimləri tərəfindən tibbi baxışdan keçirilib, 12 nəfər isə xəstəxanaya dəvət olunub. 

Qeyd edək ki, dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş “Sağlamlıq günü” tədbirləri Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb ocaqlarında keçirilir.