Bakı dəmir yolu xəstəxanasında xeyriyyə aksiyası keçirilib 10:46 10.07.2018

Bakı dəmir yolu xəstəxanasının cərrahiyyə şöbəsində xeyriyyə aksiyası keçirilib. Bu təşəbbüsü irəli sürən xəstəxananın cərrahı Ramil Nadirov həmin gün 5-12 yaş arasında olan  oğlan uşaqları üzərində “sircumsizion” əməliyyatı aparıb.

El arasında “sünnət” adı ilə tanınan əməliyyata əsasən aztəminatlı ailələrin uşaqları cəlb edilib. Xəstəxanaya gələn 14 uşaqdan 12-si əməliyyat olunub.

Uşaqlar əvvəlcə müayinədən keçib. Aksiyaya gələn iki uşaqda hipospadiya aşkarlandığı üçün onlar başqa cərraha yönəldiliblər. 12 pasientin iki saat yarım içində keçən əməliyyatı uğurla başa çatıb.

Cərrah Ramil Nadirov insanlara təmənnasız yardım göstərməkdə ona dəstək çıxan Bakı dəmir yolu xəstəxanasının rəhbərliyinə ürəkdən  minnətdar olduğunu bildirib. Qeyd edib ki, aksiyada istifadə olunan bütün vəsait  xəstəxananın daxili imkanlarına alınıb. Bu tədbirdə baş həkimin müavini Xuraman xanım Bağırovanın bir qadın - analıq qayğısından irəli gələn məsləhəti də uşaqlarda bayram əhval- ruhiyyəsi yaradıb;  əməliyyatdan öncə  uşaqları stressdən uzaqlaşdırmaq məqsədilə onları şənləndirmək üçün əyləncəli proqramla “Kloun” dəvət edilib.  Xatirə üçün video və foto-şəkillər çəkilib. Belə bir təşəbbüs valideynlərin də ürəyincə olub. Onlar razılıqla evə dönüblər.

Hazırda uşaqların səhhəti normaldır. Uğurlu keçən əməliyyata görə cərrah Ramil Nadirov anestezioloq və tibb bacılarının zəhmətini də yüksək dəyərləndirib.