Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III Plenumu keçirilib 11:08 14.06.2018

Azərbaycan Dəmiryolçularının MHİRK-in növbəti III Plenumu keçirilib.

Plenumu giriş sözü ilə açan MHİRK-in sədri Fəzail Bağırov giriş sözü ilə çıxış edərək son vaxtlar dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan uğurlar, qarşıda duran perspektiv vəzifələr haqqında danışıb.

Plenumun işində “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov iştirak edib.

İclasın gündəliyində bir məsələ dururdu-““ADY” QSC-nin departament, MMC, idarə və müəssisələrində ərizə və şikayətlərə baxılmasının vəziyyəti  haqqında”. Məsələ ilə bağlı MHİRK-in mütəxəssisi Araz Əsədli məruzə edib. O, bildirib ki, müzakirə olunan məsələ birbaşa Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində təsbit olunub. Konstitusiyanın 57-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən olunmuş qaydada və vaxtında yazılı cavab verilməlidir. Azərbaycan Dəmiryolçularının MHİRK-nə daxil olan ərizələrin böyük əksəriyyəti öz müsbət həllini tapıb.  Son illərdə ərizələrin təhlili göstərir ki, MHİRK-in mütəxəssisləri tərəfindən iş planına əsasən aparılan yoxlamalar işçilərin əmək haqqı və müavinətlərin ödənilməsi üzrə şikayətlərin azalmasına səbəb olub. Hər bir şikayət ərizəsinin və şifahi müraciətin arxasında canlı insan amilinin olduğunu əsas götürərək, onların ərizələrinə və müraciətlərinə baxılmasında  Departament, idarə və müəssisə rəhbərləri qanunvericilik aktlarına istinad edərək bu işə daha da məsuliyyətlə yanaşmalıdırlar.

Məruzə ətrafında “Naxçıvan Dəmir Yolları” MMC-nin sahə HİK sədri Eyvaz Əsgərov, İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev, Yük daşımaları Departamentinin BHİK sədri Naib Quliyev, Sərnişin daşımaları Departamentinin BHİK sədri Vaqif Bədəlov çıxış edərək hesabat dövründə görülən işlərin qənaətbəxş olduğunu bildiriblər.

Sonda MHİRK-in mütəxəssisi Nazim Behbudov III Plenumun  müvafiq qərar layihəsini oxuyub.