Ulu öndərin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib 10:00 09.05.2018

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və dəmir yolları” adlı elmi-praktik konfrans və idman spartakiadasının qaliblərinin  mükafatlandırılması mərasimi  keçirilib.

Tədbiri giriş sözü ilə MHİRK-in sədri Fəzail Bağırov açaraq bildirib ki, bu günlərdə ölkənin hər yerində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu da təsadüfi deyil. Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı  özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin şəxsi köməyi, dəmir yoluna daim qayğısı sayəsində həyata vəsiqə almışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən intensiv şəkildə həyata keçirilir, ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir eləcə də ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır.

Natiq ümummilli lider Heydər Əliyevin siyasi rəhbərlikdə olduğu illərdə dəmir yolunda həyata keçirilən yeniliklər haqqında geniş məlumat verib.

Daha sonra F. Bağırov bildirib ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçu idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar. Aprel ayının 27-sindən 29-na kimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş  idman spartakiadası keçirilib. Dəmiryolçu-idmançılar 5 idman növü- o cümlədən voleybol, mini-futbol, stolüstü tennis, şahmat və dama üzrə yarışlarda 200-dən çox dəmiryolçu-idmançı mübarizə aparıb. Sportakiadada Sərnişin daşımaları, İnfrastruktur, Yük daşımaları və Mühafizə İdarəsi, eləcə də digər bölmələrdən olan komandaları yarışıblar. Ümumi komanda hesabı ilə Sərnişin daşımaları Departamenti I, Yük daşımaları Departamenti II, İnfrastruktur Departamenti isə III yerə çıxıb.

Sonda bir qrup həmkarlar fəalına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 25 illik yubiley döş nişanları, idman spartakiadasının qaliblərinə kubok, diplom və həmçinin pul mükafatları təqdim olunub.