İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəmir yolu qurumları Bakıda müzakirələr aparırlar 10:00 17.04.2017

Aprelin 17-18-də Bakıda “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 13-cü iclası”, “İƏT-in Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının (TTCC) Dəmir Yolu Komitəsinin 7-ci iclası” və “İƏT-in Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə yüksək səviyyəli işçi qrupunun 3-cü iclası” keçirilir.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Pakistan və İran İslam Respublikaları, Çin Xalq Respublikası, eləcə də İslam İnkişaf Bankı (İİB), Dəmir yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat (OTİF), Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE),  BMT-nin  Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının (ECO-TDB) nümayəndə heyətləri iştirak edirlər.

Yığıncağı giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov açaraq ölkədə dəmir yolu üzrə həyata keçirilən layihələr, infrastrukturun və texniki heyətin müasirləşdirilməsi prosesi,  tranzit potensialının artırılması istiqamətində beynəlxalq nəqliyyat dəhlizlərinin rolu eləcə də qarşıda duran vəzifələr haqqında məlumat verib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyətindən danışan İqbal Hüseynov bildirib ki, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır.  Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.

Nümayəndə heyətlərinin başçıları təmsil etdikləri qurumlarda bu istiqamətdə görülən işlər və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 12-ci iclasından keçən dövr ərzində dəmir yolu sektorunda həyata keçirilən  islahatlar haqqında məlumat verdilər. Xatırladaq ki, həmin iclas 2015-ci ilin may ayında Tehran şəhərində keçirilib.

Daha sonra dəmir yolu nəqliyyatı sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub. 

Qeyd edək ki, tədbir 2 gün davam edəcək.