8 İyul 2020

Konteyner qatarı Çindən Türkiyəyə rekord qısa müddətdə çatdırılıb

Konteyner qatarı Çindən Türkiyəyə rekord qısa müddətdə çatdırılıb

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləri Çinin Sian şəhərindən çıxan konteyner qatarının Türkiyənin İzmit şəhərinə rekord qısa müddətdə çatdırılmasını təmin ediblər. 

43 ədəd 40 futluq konteynerdən ibarət olan qatar Çin-Qazaxıstan sərhədindəki Xorqos (Altınkol) stansiyasından Türkiyənin Kösəköy stansiyasına (İzmit) cəmi 12 günə çatdırılıb. Bundan öncəki qatar bu marşrutu 16 günə qət edib. 

Müxtəlif yüklərin daşındığı qatar Qazaxıstanın Aktau limanından Bakı limanına operatoru ADY Konteyner olan “Beket-Ata” fider gəmisi ilə çatdırılıb. Burada isə qısa zaman ərzində konteynerlər platformalara yüklənərək Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyə istiqamətində yola salınıb. Qatar Bakı limanından Böyük Kəsik stansiyasına qədər olan məsafəni 14 saata (normativdən 10 saat tez), marşrutun Türkiyə ərazisindəki hissəsini 50 saata (normativdən 70 saat tez) qət edib. 

Mürəkkəb epidemioloji şəraitə baxmayaraq, Şərq-Qərb marşrutu üzrə dəmir yolu ilə yükdaşımalar sanitar-epidemioloji normalara riayət edilməklə fasiləsiz olaraq davam etdirilir.