13 Mart 2020

Bakıda dəmir yolları ilə kəsişmədə iki avtomobil tuneli açılıb

Bakıda dəmir yolları ilə kəsişmədə iki avtomobil tuneli açılıb

Bakıda, əvvəllər avtomobil yolu ilə dəmir yolunun kəsişdiyi ərazilərdə iki avtomobil tunelinin açılışı olub. Tunellərin açılışı 13 mart tarixində baş tutub.
Bakıxanov və Sabunçu qəsəbələri arasında, Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişməsində yerləşən avtomobil tunelinin uzunluğu 388, hündürlüyü 5,5, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu 68 metrdir. Burada avtomobillərlə yanaşı piyadaların hərəkəti üçün də səki də salınıb. Bu isə tuneldən piyadaların da keçid kimi istifadə edə bilməsinə imkan verəcək. Bununla yanaşı, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Qeyd edək ki, tunelin tikintisinə ötən il avqustun 23-dən başlanılıb.

Tikintisi tamamlanan digər tunel isə Keşlə dəmir yolu stansiyasının yaxınılığında, M.Ə.Sabir küçəsində inşa edilib. Tunelin uzunluğu 208 metr, eni 14 metr, hündürlüyü isə 5,25 metrdir. Qapalı hissənin uzunluğu 48 metrdir. Tuneldə piyadaların təhlükəsiz hərəkətinə şərait yaradılıb. Bundan əlavə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və  generator quraşdırılıb. Qeyd edək ki, tunelin tikintisinə ötən ilin mayından başlanılıb.

Əvvəllər bu ərazilərdə avtomobil yolu ilə dəmir yolunun kəsişməsi həm avtomobillərin, həm də qatarların hərəkəti üçün təhlükəli vəziyyət yaradırdı. Qatarların keçidi zamanı, xüsusilə də pik saatlarda avtomobillər gözləməli olurdu ki, bu da əlavə vaxt itkisi deməkdir. Bu tunellər belə halları aradan qaldıracaq, hərəkətin təhlükəsizliyini təmin edəcək.