10 Fevral 2020

Astara terminalının fəaliyyətə başlamasından 2 il ötür

Astara terminalının fəaliyyətə başlamasından 2 il ötür

Azərbaycanın iştirak etdiyi mühüm beynəlxalq tranzit marşrutlardan olan “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır və mövcud olan regional əməkdaşlıq yük sahibləri üçün geniş imkanlar yaradır. Bu marşrut çərçivəsində reallaşan iri infrastruktur layihələrdən biri də, Azərbaycan-İran sərhəddindən 1,4 km aralıqda, qonşu dövlətin ərazisində yerləşən Astara yük terminalının inşası oldu.

2 il öncə, tikintisinin birinci mərhələsi başa çatan terminalda ilk yük qatarı qəbul olundu. Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu marşrutu ilə sınaq yük qatarı İran ərazisinə daxil oldu, terminalda vaqonların boşaldılması prosesi həyata keçirildi və beləliklə Astara terminalı fəaliyyətə başladı. Qeyd edək ki, Astara terminalının tikintisi, 13 iyun 2017-ci il tarixində imzalanan ikitərəfli razılaşmaya əsasən, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılır.

Hazırda Astara terminallar kompleksinin daxilində artıq ümumi yük terminalı inşa edilib və 3 xətdən ibarət 1800 metr terminaldaxili dəmir yolları çəkilib. Bundan başqa terminalda 1440 kv. m. sahəsi olan, yüklərin aşırılmasında istifadə olunan, platforma inşa edilib. Eyni zamanda terminal daxilində administrativ bina inşa edilib ki, hazırda burada İran İslam Respublikasının gömrük orqanları yerləşdirilib. 2-ci administrativ binanın tikintisi isə hazırda davam etdirilir. Ərazidə müasir təhlükəsizlik və işıqlandırma sistemləri quraşdırılıb. Terminalda, aşırılma əməliyyatlarının aparılması üçün, işlərin operatoru olan “ADY Express” MMC tərəfindən müxtəlif texnika quraşdırılıb: avtokarlar, qaldırıcı kranlar, taxılın aşırılmasında istifadə olunan nasoslar, bitki yağların aşırılmasında istifadə olunan qurğular. Yaxın zamanlarda daha 4 terminaldaxili xəttin tikintisi aparılacaq, mövcud platforma daha da genişləndiriləcək, aşırılma əməliyyatlarının aparıldığı meydançaların sahəsi artırılacaq.

Astara terminalından keçən yüklərin həcminə gəlincə, 2019-cu ildə terminaldan, ADY Express tərəfindən aşırılan yüklərin həcmi 400 min tona yaxın olub. Terminalın fəaliyyəti dövründə, yəni 2018-2019-cu illərdə, burada aşırılan yüklərin ümumi həcmi isə 700 min tona yaxın olub. 2020-ci ilin yanvar ayı ərzində isə, Astara terminalı vasitəsi ilə artıq 38 min tona yaxın yük aşırılıb. Terminalda nəzərdə tutulan infrastruktur işlərinin həyata keçirilməsindən sonra buradan keçən yüklərin həcminin dəfələrlə artırılması gözlənilir.

Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi istiqamətində də işlər həyata keçirilməkdədir.