Bakı Dəmir Yolu Vağzalında Macarıstan Səfirliyi ilə birgə fotosərgi keçirilib: “Kalman Kando 150” 21:26 18.12.2019

Bakı Dəmir Yolu Vağzalının binasında “Kalman Kando 150. Macarıstan Dəmir Yolları” adlı fotosərginin açılışı olub. Tədbir Macarıstanın ölkəmizdəki Səfirliyinin təşəbbüsü əsasında “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Sərgi elektrik lokomotivi üçün yüksək gərginlikli üçfazalı mühərrik və dəyişən cərəyanlı generator ixtira edərək, “Elektrik qatarın atası” kimi məşhurlaşan macar mühəndisi və alimi Kalman Kandonun 150 illiyinə həsr edilib. Məşhur mühəndisin ixtiraları Macarıstan, İtaliya, Fransa, İngiltərə və bir çox ölkələrin dəmir yollarının elektrikləşməsində əvəzedilməz rol oynayıb. Onun ixtiraları hələ də aktuallığını saxlayır, çünki bütün müasir elektrik lokomotivlərinin iş prinsipi onun ixtira etdiyi sistem üzrə işləyir.
Sərginin açılışında qonaqları salamlayan “Azərbaycan Dəmir Yolları” QSC  sədrinin  müavini Zaman Novruzov ölkələrimiz arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərindən danışıb. Bildirib ki, Azərbaycan və Macarıstan “Dəmir Yolları Əməkdaşlıq Təşkilatının” üzvüdür və bu çərçivədə əməkdaşlıq edir. Azərbaycan dəmir yollarının 140 illik yubileyi ərəfəsində olduğunu qeyd edən Zaman Novruzov keçmiş Sovet məkanında ilk elektrik qatarının 1926-cı ildə məhz ölkəmizdə istifadəyə verildiyini diqqətə çatdırıb. O, son beş ildə Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı layihələr barədə məlumat verib. Bura infrastrukturun yenilənməsi, yolların çəkilməsi, yeni qatarların alınması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Abşeron dairəvi yolunun bərpa edilməsi ilə yanaşı vağzal və stansiyaların tikintisi və bərpası da daxildir. Qeyd olunub ki, Bakının rəmzi binalarından sayılan Bakı Dəmir Yolu Vağzalı infrastruktur binası olmaqla yanaşı, şəhərin mədəni mərkəzlərindən birinə çevrilir. O sərnişinləri, şəhərimizin sakinlərini və qonaqlarını bu məkana maraqlı incəsənət, musiqi və digər mədəniyyət tədbirlərinə dəvət edib.
Macarıstanın Azərbaycandakı səfirinin müavini Laslo Mak dəmir yollarının hər bir ölkə üçün önəmli infrastruktur olduğunu, sənayenin, iqtisadiyyatın və turizmin inkişafına təkan verdiyini bildirib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bu mənada ən yaxşı nümunə olduğunu deyib. Avropanın ən qədim və inkişaf etmiş dəmir yollarından birinin Macarıstanda olduğunu bildirən diplomat onun regiondaxili ölkələrin əlaqələrinin güclənməsində əhəmiyyətini xüsusi vurğulayıb. Sərgidəki fotoların Budapeştdəki dəmir yolu infrastrukturunda lentə alındığını və 150 illik tarixin mühüm məqamlarını əks etdirdiyini söyləyib.
Sərgidəki fotoların müəllifi Aydın Sadıqov təşkilatçılara təşəkkürünü bildirib. Fotoqraf ekspozisiyanın il ərzində 3-cü sərgisi olduğunu qeyd edib. Fotoları Avropanın ən böyük muzeylərindən sayılan Budapeşt Dəmir yolu muzeyində lentə aldığını nəzərə çatdırıb. Sərgi hər bir ziyarətçi üçün Macarıstan dəmir yollarının inkişaf tarixi ilə tanışlıq fürsətidir. Fotoqraf bundan əvvəl Azərbaycanın tarixi məkanlarını əks etdirən fotosərgisini Budapeştdə sənətsevərlərin ixtiyarına verib.
“Kalman Kando 150. Macarıstan Dəmir Yolları” adlı fotosərgi dekabrın 28-dək davam edəcək