Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb 9:00 28.08.2019

 

 Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişində)  eyni səviyyəli dəmir yolu keçidinin yeraltı tunellə əvəz olunması prosesinə start verilib.
Bununla əlaqədar olaraq, avtomobillərin alternativ yollarla hərəkəti üçün hər cür şərait yaradılıb. Hazırda  kommunikasiya qurğularının (telefon, qaz, su, kanalizasiya) köçürülməsi və svayların vurulması işləri  aparılır. İstinad divarları hazır olan kimi  tunelin qazılması prosesi həyata keçiriləcək. 
Bu tunelin tikintisi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq. Bilirsiniz ki,  bu dəmir yolu keçidindən çoxsaylı marşrut xətləri keçirdi. Günün pik saatlarında, qatarların hərəkəti zamanı, avtomobillər xeyli müddət  yolun açılmasını  gözləməli olurdular.  Tunel istifadəyə veriləndən sonra bu problem də aradan qalxacaq. 
Qeyd edək ki, yeraltı tunelin uzunluğu 262 metr, eni isə 15 metr olacaq. Tuneldə avtomobillərin hərəkəti üçün 3 yol ayrılacaq. 2-si Bakıxanovdan Sabunçu istiqamətinə, 1-i isə Sabunçudan  Bakıxanov istiqamətinə gedəcək. 
İşlər sürətlə davam edir. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında vətəndaşlarımıza  məlumat veriləcək.