Azərbaycan və Çin şirkətləri arasında sənədlər imzalanıb 17:11 24.04.2019

Çinin paytaxtı Pekində “Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında sənədlərin  imzalanması  mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-iqtisadi əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev və  Çin Xalq Respublikasının Kommersiya Nazirliyinin Avrasiya İdarəsinin rəhbəri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq komissiyasının həmsədri Luo Veydonq iştirak edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanovun iştirakı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan  “ADY Konteyner” MMC ilə Çinin “Xi'an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında nəqliyyat-tranzit sahəsində Strateji Əməkdaşlıq Anlaşması imzalanıb. Sənəddə tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə razılığa gəliblər. Hər iki şirkət  2019- cu ildə 30  konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır. Razılaşma həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi  fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.