"DƏMİR İZLƏR" 14:34 19.02.2019

Xaçmaz rayonunun yaranmasında, bölgənin inkşafında mühüm rol oynayan Biləcəri-Dərbənd-Mahaçkala dəmiryol xəttinin çəkilişinin 120 illiyi ilə əlaqədar Xaçmaz Tarix Diyarşünaslıq muzeyində "Dəmir izlər" adlı sərgi keçirilib.

Açılış mərasimində Xaçmaz Dəmiryol Stansiyasının rəisi Vüsal Sadıqov, rəis müavini Əlqiyam Məmmədov eləcə də digər üzvlər iştirak edib.

Tədbir çərçivəsində məlumat verilib ki, Vladiqafqaz dəmiryol xəttinin çəkilişinə 1898-ci ildə başlanıb, 1902-ci ildə başa çatıb. Quba şəhər idarəsi Bakı şəhər qubernatoruna müraciət edərək dəmiryol xəttinin çəkilişi üçün vağzal və vağzalətrafı qəsəbə tikintisi ilə əlaqədar şəhər torpaqlarından yer ayrılmasını xahiş edib. Tamamlama işləri 1915-ci ilə qədər davam edib. İngilis və alman mütəxəssislərin iştirakı ilə baş tutan çəkilişdə yerli əhali də yaxından iştirak edib. Yalama, Ləcət, Xudat, Qusarçay, Çarxı və Xaçmazda xüsusi üsluba malik vağzal binaları tikilib. Xaçmaz stansiyasının ilk rəisi Həmid bəy Məmmədov olub.

Bakı-Vladiqafqaz dəmiryol xəttinin çəkilişi bölgənin iqtisadi və siyasi inkişafında mühüm rol oynayıb. Rusiya ilə əlaqələr güclənib. Xaçmazın yaşayış məntəqəsi, daha sonra rayon kimi formalaşmasında böyük rol oynayıb.

Sərgidə muzeyin fondunda qorunan  eksponatlar və Xaçmaz dəmiryol idarəsi tərəfindən təqdim olunan yeni materiallar, qiymətli arxiv sənədləri nümayiş olunub. Qeyd edək ki, sərgi 15 gün davam edəcək.