İslahatlara dəstək layihəsi

Dəmir Yolu Sektorunun İnkişafı Proqramı və bununla bağlı həyata keçirilən islahatlara dair

Ümumi məlumat:

2016-cı ilin sonundan etibarən, Asiya İnkişaf Bankının (AİB) texniki dəstəyi,   o cümlədən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) mövcud vəsaitləri hesabına, Respublikamızın dəmir yolu sistemində korporativ, institusional, maliyyə və insan resursları sahəsində islahatların həyata keçirilməsini nəzərdə tutan “Dəmir Yolu Sektorunun İnkişafı Proqramı” işlənib hazırlanmışdır.

Həmin Proqramın həyata keçirilməsi üçün Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında 19 dekabr 2017-ci il tarixində 250 mln. ABŞ dolları məbləğində Dəmir yolu Sektorunun İnkişafı Proqramı üçün kredit müqaviləsi (Siyasət Krediti) və 150 milyon ABŞ dolları məbləğində Dəmir yolu Sektorunun İnkişafı Layihəsi üçün kredit müqaviləsi (Layihə Krediti) bağlanmışdır. Qeyd olunan islahatların həyata keçirilməsi ilə bağlı Fransa İnkişaf Agentliyi tərəfindən də hər iki layihənin həyata keçirilməsi üçün müvafiq dəstək göstərilmişdir.

Siyasət krediti iki tranşdan ibarət olmaqla müəyyən edilmişdir. Hər bir tranş üzrə ödənişlərin təmin edilməsi üçün Azərbaycan Hökuməti və “ADY” QSC tərəfindən konkret islahat tədbirlərinin həyata keçirilməsi üzrə öhdəliklər nəzərdə tutulmuşdur.

2017-ci il ərzində 23 islahat tədbiri həyata keçirildikdən sonra 175 milyon ABŞ dolları məbləğində birinci tranş verilmiş və həmin vəsaitlər “ADY” QSC-nin dövlət zəmanəti olmadan alınmış borclarının restrukturizasiyasına cəlb edilmişdir.

Həmin kredit üzrə 150 milyon ABŞ dolları (75 milyon ABŞ dolları Asiya İnkişaf Bankından və 75 milyon ABŞ dolları Fransa İnkişaf Agentliyindən) məbləğində ikinci tranşın alınması üçün sözügedən müqavilənin əlavəsi olan “İnstitusional islahatlar matrisi”nə əsasən əlavə 22 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd olunan islahatların uğurla həyata keçirilməsi nəticəsində 2022-ci ilə qədər Azərbaycanda dəmir yolu nəqliyyatında xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin fəaliyyət istiqaməti üzrə əməliyyatların maliyyə dayanıqlığının artırılması planlaşdırılır.

İslahatların nəticələri üzrə aşağıdakılar hədəflənir:

  • qabaqcıl dünya təcrübəsinə əsaslanan və korporativ idarəetmə tələblərinə uyğun idarəetmənin qurulması;
  • dəmir yolu nəqliyyatı fəaliyyətinin bilavasitə qanunla tənzimlənməsi;
  • maliyyə müstəqiliyinin gücləndirilməsi;
  • borcların effektiv qaydada yenidən maliyyələşdirilməsi;
  • Müəssisə Resurslarının Planlaşdırılması (ERP) sisteminin tam tətbiq edilməsi;
  • maliyyə nəzarəti və hesabatlıq sisteminin təkmilləşdirilməsi;
  • Əsas Fəaliyyət Göstəricilərinin (ƏFG) müntəzəmliyinin təmin edilməsi və yenilənməsi;
  • işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsi;
  • əsas funksiyaların və qeyri-profil aktivlərin strateji ayrılmasını nəzərdə tutan korporativ restrukturizasiya planı və məsuliyyət zəncirinin aydın şəkildə formalaşdırılmasının icra olunması;
  • Aktivlərin idarəedilməsi sisteminin qurulması.

Birinci tranş üzrə həyata keçirilmiş islahat tədbirləri:

  • dəmir yolu nəqliyyatının fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, dəmir yolu nəqliyyatı təşkilatlarının və bu sahədə işləri (xidmətləri) yerinə yetirən başqa hüquqi və fiziki şəxslərin digər növ nəqliyyat təşkilatları ilə qarşılıqlı fəaliyyətinin, eləcə də ümumi istifadədə olan və ümumi istifadədə olmayan dəmir yolu nəqliyyatı sahəsində dövlət tənzimlənməsinin əsaslarını müəyyən edən “Dəmir yolu nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi hazırlanaraq müvafiq dövlət orqanına təqdim edilmişdir;
  • beynəlxalq məsləhət şirkətləri cəlb edilməklə “ADY” QSC-nin hərtərəfli inkişafı üzrə qarşıya qoyulan strateji hədəflərin dairəsini, həmin hədəflərin reallaşdırılması tədbirlərini əks etdirən və 5 illik dövrü əhatə edən mükəmməl biznes-plan hazırlanmışdır 
  • “ADY” QSC -nin mövcud maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün 3 mərhələli maliyyə restrukturizasiyası planı hazırlanmış və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “ADY” QSC tərəfindən 1-ci mərhələ üzrə müvafiq tədbirlər icra edilmişdir;
  • “ADY” QSC -nin maliyyə daxilolmalarına nəzarət mexanizmini optimallaşdırmaq üçün onun banklarda olan müvafiq hesabları bağlanaraq vahid bank hesabı, habelə borclara xidmət edən xüsusi bank hesabı (escrow account) açılmışdır;
  • daxili audit fəaliyyəti təkmilləşdirilmiş və aidiyyəti struktur bölmə yenidən təşkil olunmuşdur;
  • əsas vəsaitlərin və əmlakların uçotunun həyata keçirilməsi üçün vahid reyestr yaradılmışdır;
  • avtomatlaşdırılmış maliyyə sisteminin əhatə dairəsi daha da genişləndirilərək onun  “ADY” QSC -nin tabeliyində olan müəssisələrdə tətbiq edilməsinə başlanılmışdır;
  • satınalmaların təşkili və həyata keçirilməsi mərkəzləşdirilmişdir;
  • Layihənin icrası üzrə əlaqələndirməni və icrasına metodiki köməkliyi, habelə layihənin idarə edilməsi üzrə zəruri məsələləri həyata keçirən “ADY” QSC-nin İnstitusional islahatların idarə edilməsi şöbəsi yaradılmışdır;
  • əsas vəsaitlərin və daşınmaz əmlakların idarə edilməsinə dair strategiyalar müəyyən edilərək təsdiq olunmuş və həmin strategiyalar üzrə tədbirlərin görülməsinə başlanılmışdır;
  • İnsan resurslarının idarəedilməsinə dair strategiya təsdiq edilmişdir.

İkinci tranş üzrə həyata keçirilmiş islahat tədbirləri:

  • “ADY” QSC -də idarəetmənin təkmilləşdirilməsi və maliyyə müstəqilliyinin gücləndirilməsi:

“Dəmir yolu nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması üzrə: Qanun layihəsinin ilkin mətni hazırlanmış və layihə müvafiq dövlət orqanına təqdim edilmişdir.

Müşahidə Şurasının (MŞ) təsis edilməsi üzrə: “ADY” QSC -də effektiv korporativ idarəetmə mexanizminin formalaşdırılması, o cümlədən idarəetmədə ümumi rəhbərliyi həyata keçirən Müşahidə Şurası institutunun yaradılması üzrə təkliflər hazırlanmış və bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunmuşdur.

Dövlət təşkilatları üçün nəzərdə tutulan digər korporativ idarəetmə standartlarına uyğunluğun təmin olunması üzrə:  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2019-cu il tarixli,  257 nömrəli Qərarı ilə təsdiq olunmuş “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə korporativ idarəetmə Qaydaları və Standartları”nın tələbləri əsas götürülərək, “ADY” QSC-də Korporativ İdarəetmə standartlarının tətbiq edilməsi ilə bağlı zəruri tədbirlər görülməkdədir.

Sərnişindaşıma xidmətləri üzrə qiymətqoyma strategiyasının təsdiqi və icrası üzrə: Fəaliyyətdən irəli gələn xidmətlərin göstərilməsi üzrə tələb olunan xərclərin və gəlirliliklə bağlı mövcud vəziyyətin (marşrut/məsafəyə görə əsaslı şəkildə fərqlənən) qiymətləndirilməsi aparılmış, xərclərlə bağlı məlumatlar yerli və xarici mütəxəssislər tərəfindən təhlil edilmişdir. Beynəlxalq məsləhətçidən ilkin qiymətqoyma strategiyası ilə bağlı təlimatlar alınmışdır. Sərnişin daşımaları xidmətləri üçün qiymətqoyma strategiyası təsdiq edilmişdir və həmin strategiya üzrə zəruri tədbirlər həyata keçirilməkdədir.

Sərnişin daşıma xidmətləri üzrə proqnozlaşdırılan kompensasiyalar ilə əlaqədar İctimai Xidmət Öhdəliklərinə (PSO) dair müqavilənin bağlanması üzrə: Sərnişin daşımaları üzrə xərcləri qarşılanmayan ictimai xidmətlərin dövlət büdcəsi hesabına subsidiyalaşdırılması məqsədilə müvafiq dövlət orqanı ilə “ADY” QSC arasında müqavilənin bağlanması imkanları ilə bağlı aidiyyəti dövlət orqanları ilə ilkin müzakirələr aparılmış, sərnişin daşımalarının xərclərini müəyyən etmək məqsədi ilə, “ADY” QSC -nin tərkibində işçi qrupu yaradılmışdır. Sərnişin daşımalarına dair xərclər beynəlxalq məsləhətçilərlə birgə təhlil olunmuş və müəyyən edilmiş pilot marşrutlar üzrə 2020-2030-cu illər ərzində sərnişin daşıma xidmətlərinin haqqının ödənilməsini nəzərdə tutan müqaviləyə daxil edilmişdir. Müqavilənin layihəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq investisiya planının təsdiqi və “ADY” QSC tərəfindən icra edilməsi üzrə: “ADY” QSC-nin Azərbaycan Respublikası Prezidentinin 15 mart 2010-cu il tarixli, 239 nömrəli Fərmanının tələblərinə müvafiq olaraq hazırlanmış investisiya planı aidiyyəti dövlət orqanına təqdim edilmişdir.

Qeyd olunur ki, müvafiq qanunvericiliyin tələblərinə əsasən hər bir sifarişçi təşkilat növbəti büdcə ili və sonrakı üç il  üçün investisiya planını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməlidir. İnvestisiya planlarının hazırlanması və konsolidasiya edildikdən sonra İqtisadiyyat Nazirliyi ilkin investisiya xərcləri haqqında planı Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Növbəti il üçün investisiya xərclərini özündə əks etdirən dövlət büdcəsi hər ilin dekabr ayında təsdiq edildikdən sonra, növbəti ilin yanvar ayında cari il üçün təfsilatlı investisiya xərcləri Azərbaycan Prezidenti tərəfindən təsdiqlənir. Məlumat üçün qeyd olunur ki, 2019-cu ildə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan investisiya xərcləri Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.

 “ADY” QSC və Dövlət arasında dəmir yolu infrastrukturunun istismar və saxlanma xərclərinin bölgüsünə dair müqavilənin bağlanması üzrə:  Beynəlxalq məsləhətçilər cəlb edilməklə “ADY” QSC və Dövlət arasında ümumi istifadədə olan dəmir yolu infrastrukturunun 2020-2030-cu illər ərzində saxlanılması məqsədi ilə ardıcıl maliyyələşməyə dair müqavilənin bağlanması imkanları araşdırılmış, bu sahədə təcrübə öyrənilmiş və müqavilənin ilkin layihəsi hazırlanmışdır. Aidiyyəti işçi qrupu tərəfindən adıçəkilən infrastrukturun saxlanma xərcləri təhlil edilmiş və bununla əlaqədar məsələlərin tənzimlənməsi həmin layihədə müəyyən olunmuşdur.  Müqavilənin layihəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

  • “ADY” QSC -nin borc öhdəliklərinin səmərəli şəkildə restrukturizasiyası:

Maliyyə restrukturizasiyası planının təsdiq edilməsi üzrə: Mövcud maliyyə vəziyyətinin sağlamlaşdırılması məqsədi ilə, Üçmərhələli Maliyyə Restrukturizasiyası Planı (MRP) nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən təsdiq edilmişdir.

Maliyyə restrukturizasiya planının ikinci mərhələsinin tətbiqi üzrə: Maliyyə restrukturizasiya planının ikinci mərhələsi icra edilmiş və beynəlxalq məsləhətçiyə bank çıxarışları təsdiq sənədi şəklində təqdim edilmişdır.

Borclara xidmət üçün xüsusi hesab (ESCROW ACCOUNT), onun şərtlərinin təhlili və müvafiq düzəlişlərin edilməsi üzrə: “ADY” QSC -nin maliyyə daxilolmalarına ciddi nəzarət mexanizminin tətbiq edilməsi məqsədi ilə açılmış vahid bank və borclara xidmət üçün xüsusi hesabların şərtləri “ADY” QSC və Maliyyə Nazirliyi tərəfindən birgə təhlil aparılaraq mövcud vəziyyətə uyğun xüsusi hesabın şərtlərinə düzəlişlərin edilməsi (daxil olan vəsaitlərin azaldılması) barədə qərar qəbul olunmuş və Nazirlər Kabineti tərəfindən 3 iyul 2018-ci il tarixli, 468S nömrəli sərəncam imzalanmışdır. İslahat tədbirinin adıçəkilən hissəsi üzrə “ADY” QSC -nin qarşısına qoyulan məsələyə cavab olaraq qeyd edilən tədbirlər barədə AİB-yə müvafiq məlumat təqdim edilmişdir.

  • “ADY” QSC -də təkmilləşdirilmiş maliyyə idarəçiliyinə nəzarət sisteminin və hesabatlığın yaradılması

Müəssisələrə maliyyə direktorları və baş mühasiblərin təyin edilməsi üzrə: ADY-nin maliyyə və iqtisadiyyat sahəsində idarəetmə strukturu təkmilləşdirilmiş,  beynəlxalq məsləhətçi şirkətlə birgə “ADY” QSC -nin strukturuna daxil olan qurumların, o cümlədən Yük daşımaları, Sərnişin daşımaları və İnfrastruktur departamentlərinin, törəmə müəssisələrinin maliyyə sahəsində peşəkar mütəxəssislərlə komplektləşdirilməsi məqsədi ilə müvafiq müsahibələr keçirilərək həmin qurumlarda maliyyə direktoru, baş mühasib, baş iqtisadçı vəzifələrinə təyinatlar aparılmışdır.

“ADY” QSC -də Risklərin idarə olunması sisteminin yaradılması - Risklərin idarə edilməsi sisteminin təşkil edilməsinə dəstək göstərmək məqsədi ilə, yerli və beynəlxalq ekspertlər cəlb edilmişdir. Hüquqşünaslar və beynəlxalq ekspertlərlə ilkin müzakirələr aparılaraq bu sahədə iş prinsipləri müəyyən edilmişdir. Müəssisə risklərinin idarə edilməsi (ERM) strategiya və siyasət sənədi, həmçinin dəmiryolunun müxtəlif sahələri üzrə çoxsaylı risklərin idarə edilməsinə dair prosedur sənədləri hazırlanmışdır. Risklərin idarə edilməsi üzrə qaydalar və siyasət sənədləri təsdiq edilmişdir. Risklərin idarəedilməsi bölməsi yaradılmışdır. “ADY” QSC-də risklərin fraqmental idarə edilməsindən daha mütərəqqi və sistemli şəkildə idarə edilməsinə keçidi təmin etmək, həmçinin, təşkilatda risk mədəniyyətini və risk idarəetmə bacarıqlarını artırmaq məqsədi ilə struktur bölmələrdə risk kordinatorları təyin edilmiş, bu sahədə vəzifə və səlahiyyətlərin dəqiq dairəsi müəyyən edilmişdir. Risk koordinatorlarına Müəssisə risklərinin idarə edilməsi konsepsiyası barədə təqdimat, habelə yerli mütəxəssis tərəfindən ISO 31000 standartı üzrə təlim keçirilmişdir. Risk kordinatorları tərəfindən risk reyestri tərtib edilmiş, risklərin qiymətləndirilməsi həyata keçirilmişdir.

ADY-nin rəsmi internet səhifəsində rüblük Əsas Fəaliyyət Göstəricilərinin (ƏFG) ictimaiyyətə açıqlanması üzrə: İlkin olaraq ƏFG-lərin layihəsi İnvestisiya və Maliyyə və iqtisadiyyat idarələri tərəfindən hazırlanmış, həmçinin fəaliyyətə beynəlxalq məsləhətçi cəlb edilmiş, ADY-nin Əsas Fəaliyyət Göstəricilərinin siyahısı ADY sədrinin 15 fevral 2019-cu il tarixli, 15S nömrəli əmri ilə təsdiq edilmişdir. 2015-ci, 2016-cı, 2017-ci, 2018-ci illər və 2019-cu ilin 1-ci rübü üzrə ƏFG-lər “ADY” QSC-nin rəsmi internet səhifəsində yerləşdirilərək ictimaiyyətə açıqlanmışdır. 

            Tam funksional maliyyə və idarəetmə uçotu, maliyyə hesabatı və nəzarəti sisteminin (ERP- BMHS) fəaliyyətə başlaması üzrə: Uçot sahəsində ilkin olaraq “ADY” QSC üzrə ERP sistemi qurulmuş, həmin sistemdə müvafiq maliyyə hesabatları dərc edilmişdir. Əlavə olaraq, “ADY” QSC-də son 1 il ərzində aparılmış islahatlar nəticəsində (daha ətraflı “ADY” QSC -də Korporativ təşkilati strukturun yenidən qurulması planının tətbiqi haqqındakı bənddə) instutisional restrukturizasiyalar aparılmış, nəticədə ERP sistemində köklü modifikasiyalar edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən ADY-də müvəqqəti olaraq yeni sistemə dəyişikliklər və əlavələr edilənədək müvəqqəti olaraq 1C sisteminin tədbiq  olunması qərara alınmış, sistem “ADY” QSC -nin yenidən qurulmuş təşkilati strukturuna uyğun olaraq sazlanmışdır. Eyni zamanda, mövcud biznes vahidləri üçün gəlir və xərc mərkəzləri yaradılmışdır.

            Maliyyə işçilərinin attestasiyadan keçirilməsi üzrə: Beynəlxalq məsləhətçi şirkət tərəfindən ADY-də maliyyə sahəsində çalışan işçilərlə imtahan keçirilmiş, maliyyə və mühasibat uçotu heyətinin qiymətləndirilməsi yekunlaşdırılmışdır. “ADY” QSC sədrinin əmri ilə Cəmiyyətin bütün işçilərinin xidməti fəaliyyətinin mərkəzləşdirilmiş qaydada və vahid standartlara uyğun həyata keçirilməsi üzrə müvafiq tapşırıqlar verilərək onların icrasına başlanmışdır.

  • Əməliyyat səmərəliliyinin yaxşılaşdırılması və effektiv korporativ restrukturizasiya

Qatarların hərəkət qrafikinin hazırlanmasının avtomatlaşdırılması və proqram təminatının satınalınması üzrə: Qeyd olunan məsələnin həlli ilə bağlı müvafiq departamentlərlə görüşlər keçirilərək texniki tələblər öyrənilmiş, texniki tapşırıq Texniki Şurada müzakirəyə çıxarılaraq qəbul olunmuşdur. Proqram təminatının alınması üçün satınalma prosesi həyata keçirilmiş, tenderin qalibi olmuş müvafiq şirkət ilə müqavilə imzalanaraq proqram təminatının tətbiqinə və təlimlərə başlanılmışdır. Yük daşımaları üçün optimal qrafikin hazırlanması, dartı hesablamaların aparılması, texnoloji fasilələrin optimal planlanması məqsədi ilə stansiyalar və mənzillərə aid texniki məlumatlar proqrama daxil edilmişdir. Bununla əlaqədar Luks proqramının K,S,C modullarının test rejimində istifadəsinə başlanılmışdır. https://www.via-con.de/en/development/luks/

“ADY” QSC -də hərəkət tərkiblərinin və yük daşımalarının idarəetmə sisteminin tətbiqi və proqram təminatının satınalınması üzrə: “ADY” QSC-nin Məlumat idarəetmə sisteminin xüsusiyyətləri nəzərə alınmaqla Əməliyyatların idarəetmə sisteminin tətbiq edilməsi üçün müfəssəl plan qəbul edilmiş və onun tətbiqinə başlanılmışdır. Beynəlxalq məsləhətçinin təhlili nəticəsində hərəkət tərkiblərinin və yük daşımalarının avtomatlaşdırılmış qaydada idarəedilməsi məqsədi ilə “ADY” QSC tərəfindən tətbiq edilən ADY SMART proqramının islahat tədbirinin bu hissəsi üzrə bütün tələblərə cavab verdiyi müəyyən edilmişdir. https://smart.ady.az/

“ADY” QSC -də sənaye standartları və əməliyyat səmərəliliyinin auditi ilə bağlı tələblərin səmərəliliyinin müəyyən edilməsi üzrə: Qeyd olunan məsələnin icrası ilə bağlı beynəlxalq məsləhətçi cəlb edilmiş, “ADY” QSC -nin əsas strateji hədəfləri müəyyən edildikdən sonra bu hədəflərə uyğun əməliyyat standartları hazırlanmış, müqayisəli təhlillər aparılmış və nəticələri AİB-yə təqdim edilmişdir. Müxtəlif xidmətlərin kənar şirkətlərdən autsorsinq (outsourcing) olaraq alınması üzrə pilot layihələrin tətbiqi çərçivəsində Gəncə stansiyasında və Bakı-Sumqayıt marşrutu üzrə sürət qatarında bəzi xidmətlərin özəl müəssisələrə həvalə edilməsi həyata keçirilmişdir. Vaqon və lokomotiv depolarının özəl tərəfdaşla birgə müəssisə formasında idarə olunmasının gəlir-xərc analizi yekunlaşdırılmışdır.

“ADY” QSC -nin Biznes Planının təsdiq edilərək rəsmi internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə açıqlanması, müvafiq rüblük hesabatların təqdim olunması üzrə: “ADY” QSC-nin rəsmi internet səhifəsində Dəmir Yolu Sektorunun İnkişafı Proqramı çərçivəsində keçirilən islahatların icrası və layihələr barədə (siyasət və layihə krediti ilə əlaqədar) məlumatlar yerləşdirilmişdir. “ADY” QSC -nin 5-illik Biznes Planı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 mart 2019-cu il tarixli, 187S nömrəli Sərəncamı ilə təsdiq edilmiş, “ADY” QSC -nin rəsmi internet səhifəsində yerləşdirilərək ictimaiyyətə açıqlanmışdır. 

“ADY” QSC -də Elektrik satışı və səmərəliliyi üzrə struktur vahidinin və ya törəmə müəssisənin  yaradılması üzrə: ADY-də elektrik enerjisi sərfiyyatı üzrə geniş araşdırma və təhlillər aparılmış, bu sahədə fəaliyyətin tənzimlənməsini təşkil etmək və nəzarəti həyata keçirmək məqsədi ilə Elektrik satışı və istifadəsinin səmərəliyinə nəzarət şöbəsi yaradılmışdır. Bu sahədə funksionallığın daha da təkmilləşdirilməsi üzrə işlər aparılır.

“ADY” QSC -də anbar inventar qalıqları hesabatlığının inteqrasiyası üzrə: ADY-də anbar təsərrüfatı və mal-material ehtiyatlarının daha effektiv və mərkəzləşdirilmiş qaydada idarə edilməsi üçün Təchizat Departamentinin tərkibində struktur vahidi, Bakı şəhərində anbar mərkəzi və Gəncə şəhərində regional anbar yaradılmışdır. Mal və materialların vahid təhvil aktı forması tərtib edilmiş, anbar ehtiyatları haqqında məlumatlar elektron sistemə daxil edilmişdir.

“ADY” QSC -də korporativ təşkilati strukturun yenidən qurulması planının tətbiqi üzrə: “ADY” QSC -nin əsas fəaliyyət istiqamətləri üzrə idarəetməni daha səmərəli təşkil etmək məqsədi ilə beynəlxalq məsləhətçilər cəlb edilməklə müxtəlif korporativ restrukturizasiya variantları hazırlanmış və “ADY” QSC rəhbərliyi ilə müzakirə edilmişdir. Təklif olunan seçim “ADY” QSC nin sədri və İdarə Heyəti ilə razılaşdırılımışdır. İki mərhələli restrukturizasiya planının həyata keçirilməsi ilə bağlı təfsilatlı korporativ restrukturizasiya planı hazırlanmış, və ilkin variantı, həmçinin “ADY” QSC -nin yeni strukturu İdarə Heyətinə təqdim edilmişdir. 2019-cu il ərzində korporativ restrukturizasiya planının həyata keçirilməsi məqsədi ilə, Təfsilatlı korporativ restrukturizasiya planı “ADY” QSC -nin idarələrinə göndərilmişdir. “ADY” QSC sədrinin 7 mart 2019-cu il tarixli 27S nömrəli əmrinə əsasən restrukturizasiya prosesinə başlanılmışdır. Korporativ restrukturizasiyadan irəli gələn məsələlər ilə bağlı funksiyaların və işçilərin köçürülməsi prosesi və qarşıya qoyulmuş digər tapşırıqların icrası həyata keçirilmişdir. Əlavə olaraq, korporativ restrukturizasiya planına uyğun olaraq müvafiq struktur dəyişikləri həyata keçirilmiş, funksional və birbaşa tabeçilik mexanizmi qurulmuşdur.

“ADY” QSC -də lokomotiv və vaqon depolarının sayının azaldılması üzrə: Bu sahədə optimallaşdırılma aparılaraq “ADY” QSC -nin vaqon depolarının sayı 8-dən 4-ə salınmış və bununla bağlı aidiyyəti sənədlər AİB-yə təqdim olunmuşdur.

Qabiliyyətlərin artırılması proqramının tətbiqinə başlanılması, bu sahədə göstəricilərdə qadınların sayının ən azı 30% təşkil etməsinin təmin olunması - ADY-də işçilərin bilik və bacarıqlarının inkişafıməqsədi ilə  “ADY” QSC sədrinin 23 aprel 2019-cu il tarixli, 47S nömrəli əmri imzalanmış və müvafiq qaydalar təsdiq edilmiş, müxtəlif sahələr üzrə təlimlərə başlanılmış, təlimlərə cəlb edilən işçilərin ən azı 30 %-ni qadın işçilərin təşkil etməsi diqqətdə saxlanılmışdır.

“ADY” QSC -də aktivlərin idarə edilməsi siyasətinin təsdiq edilməsi və onun balansında olan daşınmaz əmlakların siyahıya alınması və qiymətləndirilməsi proqramının icrası üzrə: ADY-də Aktivlərin idarə olunması siyasət sənədi hazırlanaraq təsdiq edilmişdir. Eyni zamanda, ADY sədrinin 5 may 2017-ci il tarixli, 48S nömrəliəmrinə əsasən “ADY” QSC -nin balansında olan bütün daşınmaz əmlakların inventarizasiyası başa çatmış və ADY Əmlak MMC tərəfindən mütəmadi olaraq hər bir coğrafi istiqamət üzrə əmlakların monitorinqi həyata keçirilməkdədir.

“ADY” QSC -nin profil və qeyri-profil aktivlərlə bağlı  planlarını əhatə edən aktivlərin idarə edilməsi strategiyasının hazırlanması üzrə: “ADY” QSC tərəfindən profil və qeyri-profil aktivlərə dair planları özündə əks etdirən Əsas vəsaitlərə və daşınmaz əmlaklara dair strategiya sənədləri hazırlanaraq təsdiq edilmişdir.

“ADY” QSC -nin özəlləşdirmə təklifinə daxil olmayan qeyri-profil aktivlər üzrə kommersiyalaşdırma planlarının təsdiqlənməsi və icrası– “ADY” QSC tərəfindən kommersiyalaşması nəzərdə tutulan qeyri-profil daşınmaz əmlakların siyahısı təsdiq edilmişdir. Hazırda qeyri-profil aktivlərdən kommersiya məqsədləri üçün istifadə edilir və gəlir əldə olunur.

ADY-nin kommersiyalaşdırılma üçün nəzərdə tutulmayan qeyri-profil aktivlərinin satışı ilə bağlı– ADY-nin balansında olan 27 ədəd qeyri-profil aktiv müəyyən edilmiş və onların özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının  Nazirlər Kabinetinə müraciət olunmuşdur.