TARİXİMİZ

Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə alaraq inkişaf etmiş və təkmilləşmişdir. Hazırda baş yolların ümumi uzunluğu 2910,1 km, istismar uzunluğu 2079,3 km-dir ki, onlardan da 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar  uzunluğunun   1241,4 km-i və ya 59,7%-i elektrikləşdirilmiş, 837,9 km-i, yəni 40,3%-i tepolovoz dartısı ilə işləyir.  1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir.

Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur.  Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir.

1847-ci ildə ilk qazma quyusunun meydana gəlməsi,neftin qazma üsulu ilə çıxarılmasının daha da inkişaf etdirilməsi,xüsusən XIX əsrin 70-ci illərinin əvvəllərində alış-veriş sisteminin ləğvi ilə əlaqədar neftçıxarma kəskin surətdə artdı. Neftçıxarmanın gur şəkildə artdığı bir şəraitdə neft daşınmasının təkmilləşdirilməsi məsələsi aktual şəkil aldı. Əsas neftçıxarma rayonlarından (Sabunçu,Suraxanı,Balaxanı) neftin Bakı neftayırma zavodlarına və Xəzər dənizi vasitəsilə Rusiyanın mərkəzi rayonlarına daşınması olduqca primitiv üsulla, karvan üsulu ilə, ağac çənlərdə və tuluqlarda icra edilirdi ki,onların da sayı 10 minə çatırdı.

Belə bir üsul olduqca baha başa gəlirdi və neft işinin gələcək inkişafına ciddi maneə,əngəl yaradırdı. Bakının neft sənayeçiləri daha çox gəlir götürmək üçün dəmir yolu xəttlərinin və boru kəmərlərinin çəkilməsində olduqca maraqlı idilər. Beləliklə,mübaliğəsiz demək olar ki, Bakıda və Azərbaycanda dəmir yolunun çəkilməsinin əsil səbəbkarı Bakı nefti və onun sənaye emalı məsələsi olmuşdur. Belə ki, neft sahibkarlarının mədənlərlə neftayırma zavodları arasında  dəmir yolunun çəkilməsi haqqında dəfələrlə Nazirlər Komitəsinə müraciətlər etmişdilər. Nəhayət ki, onların təkidli tələbləri öz bəhrəsini verir. Nazirlər Komitəsinin çar II Aleksandrın iştirakı ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında neft sahəsində dəmir yolunun tikintisi  layihəsi təsdiq olunur.  25, 2 verst uzunluğunda olan dəmir yolunun çəkilməsi isə "Poti-Tiflis" dəmir yolu cəmiyyətinə həvalə edilir. Cəmiyyət bir il altı ay ərzində xətlərin inşa edilməsini üzərinə götürür. Tikintiyə rəhbərlik  mühəndis Krubetsə tapşırılır. Az bir vaxtda Bakıya tikinti üçün lazım olan materiallar və avadanlıqlar göndərilir. 1878-ci ilin dekabr ayında Krubetsin şəhər rəhbərliyinə  göndərdiyi məktubda bildirir ki, Qara şəhərdə avadanlıqların saxlanılması üçün əlavə anbarların tikinlməsinə böyük ehtiyac var.

Dəmir yolunun çəkilməsi üçün əsas vəzifələrdən biri tez bir zamanda Balaxanı, Suraxanı  zolağına düşən ərazilərin özgələşdirilməsi prosesini həyata keçirmək idi. Şəhər rəhbərliyi bu torpaqların qiymətləndirilməsini xeyriyyəçi  Hacı Zeynalabdin Tağıyevin rəhbərlik etdiyi ictimai komissiyaya tapşırır. Komissiya  araşdırma  apararaq 21 desyatindən çox olan özgələşdirilən torpaq sahələrini 34 580 rubl miqdarında qiymətləndirir. Bütövlükdə neft sahəsində dəmir yolu xətlərinin tikinti xərcləri isə 784 min  872 rubl təşkil edirdi. Dəmir yolunun inşasına 1878-ci ildə başlanılır və  1879-cu ildə başa çatır. Dekabrın 17-dən etibarən Balaxanı, Suraxanı, Sabunçu stansiyalarında daşınmaq üçün yüklər qəbul edilir. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada  ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanır.

Respublikanın partiya və sovet təşkilatları Bakı-Sabunçu dəmir  yolu xəttinin elektrikləşdirilməsi istiqamətində yenidənqurma işlərinə başladı. Tramvayın istifadəyə verilməsindən cəmisi 21 gün sonra 1924-cü il fevralın 29-da, Bakı Soveti qərara aldı: "Şəhərin rayonları və bağ yerləri ilə əlaqələri təmin etmək üçün BAKI-SABUNÇU-MƏRDƏKAN-BUZOVNA elektrik qatarının (Abşeron şəhərətrafı elektrik sahəsinin) tikintisinə başlamaq zəruri hesab edilsin". Artıq 1925-ci ilin mart  ayında Bakı-Sabunçu dəmir yolu xəttinin yenidənqurulması və ellektriklləşdirilməsi işlərinə başlandı. Cəmisi 14,5 ay ərzində həmin işlər başa çatdırıldı. 1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başladı.

Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilmiş, sonradan müstəqil dəmir yolu kimi sərbəst buraxılmışdır. Xronoloji ardıcıllığa fikir verək:

  • 1945-ci il iyulun 6-da SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə müstəqil Azərbaycan dəmir yolu yaradılmışdır. Yollar nazirinin 1945-ci il 28 iyul tarixli 674 saylı əmri ilə Azərbaycan dəmir yolu 1945-ci ilin oktyabın 1-dən təşkil edilmişdir.
  • 1953-cü ilin may ayının 14-də  Azərbaycan və Zaqafqaziya dəmir yolları Zaqafqaziya dəmir yolu adı altında birləşdirilmiş, mərkəzi idarəsi Tbilisiyə köçürülmüşdür.
  • 1955-ci il oktyabrın 3-də Azərbaycan dəmir yolu SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə müstəqil dəmir yolu elan olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirmişdir.
  • SSRİ Yollvar Nazirnin 2 mart 1963-ci il tarixli  270 saylı əmri ilə yenidən Azərbaycan və Zaqafqaziya dəmir yollarının tərkibində struktur dəyişikliyi aparıldı və bu iki idarə Zaqafqaziya dəmir yolu adı altında birləşdirildi və dəmir yolunun Azərbaycan sahəsi Azərbaycan hissəsi adlandırıldı.
  • SSRİ Yollar Nazirnin 1 iyun 1967-ci il tarixli 15-859 saylı əmri ilə Azərbaycan dəmir yoluna yenidən sərbəstlik verildi və o  vaxtdan bu günə kimi müstəqil dəmir yolu kimi fəaliyyət göstərir.
  • 28 may 1980-ci ildə Azərbaycan dəmir yolu - Oktyar inqilabı ordeni ilə təltif edilmişdir.
  • Azərbaycan Nazirlər Kabinetinin 8 avqust  1995-ci il tarixli 171 saylı əmri ilə Oktyabr İnqilabı ordenli Azərbaycan Dəmir Yoluna - Azərbaycan Dövlət Dəmir Yolu adı verilmişdir.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 iyul 2009-cu il tarixli sərəncamı ilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. 

Azərbaycan Dəmir Yolundakı 176 stansiyadan ikisi - Biləcəri və Şirvan avtomatlaşdırılmış təpəli iri çeşidləmə stansiyalarıdır. 12 stansiya hər cür lazımi maşın və mexanizmlərlə təchiz edilmiş konteyner meydançalarına malikdir, 3 stansiyada (Keşlə, Gəncə və Xırdalan) iri həcmli çoxtonnajlı konteynerlərlə əməliyyatlar icra edilir. Əgər yarandığı ilk on ildə dəmir yolunun inkişafı neftçıxarmanın və neftayırmayın inkişafı ilə sıx bağlı idisə, XX əsrin ikinci yarısından etibarən   dəmir yolu  nəinki dinamik inkişaf edən çoxsahəli respublika iqtisadiyyatına uğurla xidmət edir, həm də qonşu ölkələrə böyük həcmli tranzit  daşınmaları da yerinə yetirir.

Azərbaycanın yaxın keçmişi istər dəmir yolu, istərsə də bütövlükdə respublika iqtisadiyyatı üçün ağır sınaq illəri ilə müşayiət olundu. Əvvəllər keçmiş İttifaqa daxil olan ölkələr arasında  mövcud olan iqtisadi əlaqələrin kəsilməsi dəmir yolunun işinə də mənfi təsir göstərdi. Bu, daşıma həcminin kəskin surətdə azalması və yolun maliyyə-iqtisadi vəziyyətinin pisləşməsinə gətirib çıxardı. Azərbaycanın Dağlıq Qarabağ ətrafında iğtişaşa cəlb edilməsi vəziyyəti daha da ağırlaşdırdı.

Erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğal edilməsi və bir milyondan çox azərbaycanlının qaçqın düşməsinə gətirib çıxaran bu təcavüz nəticəsində Azərbaycan Dövlət Dəmir Yoluna da ciddi ziyan dəydi. Belə ki, 240 km-dən çox dəmir yolu xətti erməni təcavüzünə məruz qaldı. Mehri -Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkədən təcrid edilərək blokadaya düşdü və 20 ildir çoxdur ki, onun ağırlıqlarını öz üzərində hiss edir. İşğala məruz qalan  bütün  dəmir yolu infrastrukturu və hərəkət tərkibləri məhv edilsə də, belə bir mürəkkəb vəziyyətdə dəmir yolu özünü saxlaya bilmiş və daşınmaya olan tələbatın ödənilməsinə nail olmuşdur.

132 illik tarixə malik olan Azərbaycan Dəmir Yolu çox əzəmətli fəaliyyət yolu keçmişdir. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan Dəmir Yolu daima inkişafda olmuş və Ümummilli Lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatmışdır.

O dövrlərdə respublikaya  rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyevin ölkənin inkişafına verdiyi önəmli diqqətdən Azərbaycan Dəmir Yolu da kənarda qalmamışdır. Ulu öndər keçən əsrin 80-cı illərinin əvvəllərində istər Azərbaycan Respublikasına, istərsə də Sovetlər İttifaqında  hökumətə rəhbərlik etdiyi dövrdə də, ümumilikdə, Sovet respublikalarının nəqliyyat sistemini, o cümlədən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir. 

Keçən əsrin həmin dövrlərində məhz Ümummilli liderimizin rəhbərliyi altında o zamanki Sovetlər İttifaqının ən böyük çeşidləyici stansiyalarından biri olan Şirvan  stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dövlət Dəmir Yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyəti olan digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilmişdir. Görülən işlərin nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrlərdə 80-90 milyon tona çatdırılmışdır.

Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.

1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

XX əsrin 90-cı illərinin əvvələrində Sovetlər İttifaqı dağıldıqdan sonra, bütövlükdə Azərbaycanda olduğu kimi,  Azərbaycan polad magistralı da da tənəzzülə uğramış, qonşu ölkələrlə iqtisadi əlaqələr kəsilmiş, istər yük, istərsə də sərnişin daşınması minimum həddə enmiş, bəzi istiqamətlərdə daşımalar tamamilə dayandırılmış və bunun nəticəsində dəmir yolu infrastrukturu, demək olar ki, tamamilə dağıdılmış, ixtisaslı kadrlar dəmir yolundan uzaqlaşmış və ölkə polad magistralı tamamilə iflic vəziyyətinə düşmüşdü.

Erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240, 4 km. sahəsi işğal altına düşmüş və təsərrüfatlara  təxminən 45 mln. 60 min ABŞ dolları məbləğində ziyan dəymişdir.

15 iyun 1993-cü ildə ümummilli lider  H.Əliyev xalqın arzu və tələbi ilə yenidən  ölkə rəhbərliyinə qayıtmış və öz qayıdışı ilə ölkədə baş verən tənəzzülü dayandırmağa müvəffəq ola bilmişdir.

O vaxtdan başlayaraq Azərbaycan dəmir yolunda dönüş nöqtəsinin əsası qoyulmuş və ölkə polad magistralı dirçəliş dövrü başlamışdır.

Bu dövrdə, istər ölkədaxili, istərsə də qonşu ölkələrdə sərnişin daşınmasının yüksək səviyyədə təşkil olunması üçün xüsusi tədbirlər görülmüş, dəmir yolu öz daxili imkanları hesabına sərnişin vaqonlarının təmirinə başlamış və qısa vaxt ərzində yüksək standartlara cavab verə bilən sərnişin vaqonları hazırlanaraq istismara vermişdir.

Azərbaycan dəmir yolunun tarixində ilk dəfə olaraq MDB-yə daxil olan ölkələrin dəmir yollarında analoqu olmayan “Ekspress” tipli yumşaq oturacaqlı sərnişin vaqonlarının hazırlanması və əhalinin xidmətinə verilməsi ölkə ictimaiyyəti tərəfindən böyük razılıq, yüksək əhval-ruhiyyə ilə qarşılanmışdır.

Həmin dövrlərdə Yol rəhbərliyi tərəfindən qonşu ölkələrin dəmir yolları ilə iqtisadi əlaqələr bərpa edilmiş və bunun nəticəsində Rusiya Federasiyasınin Moskva, Sankt-Peterburq, Rostov, Mahaçqala, Ukraynanın Kiyev, Xarkov, qonşu Gürcüstan Respublikasının Tbilisi şəhərlərinə, İran İslam Respublikasnının Təbriz şəhərinə sərnişin qatarları və eləcə də yük və baqaj daşımaları bərpa edilmişdir. Hazırda ölkəmizdən Uzaq Sibirin yurddaşlarımızın sıx məskunlaşdığı Tümen şəhərinə sərnişin qatarının hərəkət etməsi də bunun bariz nümunəsidir.

Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla  davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərmişdir. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi  Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz «Bakı-Tbilisi-Qars» və «Şimal-Cənub» beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.

Dəmiryolçuların sosial rifah halının yaxşılaşdırılması istiqamətində əməli tədbirlər görülmüşdür. Yol rəhbərliyi və Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi birgə səyi ilə son illər ərzində dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində bir çox layihələr həyata keçirilib. 1 avqust 2008-ci ildə dəmiryolçular Xaçmaz rayonunun Nabran qəsəbəsində «Lokomotiv» İstirahət Mərkəzi tikilib istifadəyə verilmişdirdi.

Ölkə başçısı cənab İlham Əliyev dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq stansdartlar səviyyəsinə çatdırılması məqsədilə bir sıra mühüm qərarlar qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Cənab İlham Əliyev 7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncam imzalamışdır. Həmin  Sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan  dəmir yolunun yarandığı gün-Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Respublikasının Prezidenti İlham Əliyev 20 iyul 2009-cu il tarixli «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalamışdır. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli  qərarı ilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturunu təsdiq edilmişdir.

Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə  "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. Sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır.

Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi ilə birbaşa bağlı idi. Qeyd edim ki, Dövlət  Proqramı öz hüquqi təsdiqini tapandan sonra proseslər daha da sürətlənib. Beynəlxalq maliyyə qurumları ilə son vaxtlar daha intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda  islahatların aparılmasına öz müsbət təsirini göstərəcəkdir. Çünki   dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq bilirsiniz ki, ölkə başçısının dəstəyi sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə Azərbaycan Hökuməti arasında 450 milyon ABŞ dolları, Layihə üzrə  Tender Komissiyası texniki və maliyyə təkliflərinin açılışı prosedurunu başa çatdırıb.  Alınacaq vəsaitə yol təsərrüfatının daha da inkişaf etdirilməsi,  317 kilometr yolun əsaslı təmir olunması və yeni yol-təmir maşınlarının alınması, lokomotiv, yol, enerji təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidənqurulması, yeni lokomotivlərin alınması, beynəlxalq maliyyə-hesablama sisteminin tətbiq edilməsi nəzərdə tutulur.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi iinkişaf strategiyası nəticəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.