(012) 499-48-95 info@ady.az
BAKI-TBİLİSİ-QARS

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV:

Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu  möhkəmləndiririk. Müxtəlif şəhərlərdə yeni hava limanları tikilir, magistral yollar salınır. Bizim dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə çox mühüm rol oynayacaqdır. Regionda digər mühüm layihə də məhz bununla bağlıdır.

Türkiyəni Azərbaycanla dəmir yolu ilə birləşdirmək - Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunu işə salmaq indi bizim əsas vəzifələrimizdən biridir və buna nail olacağıq. Belə olan halda həm Azərbaycanla Türkiyə dəmir yolu ilə birləşir, bütün yükdaşımalar bu marşrutla aparılacaqdır. Eyni zamanda, bu da aydındır ki, bizim torpaqlarımızı zəbt edən, bizə qarşı təcavüz edən işğalçı dövlət - Ermənistan bütün bu layihələrdən kənarda qalacaqdır

 (Dünya Azərbaycanlılarının II qurultayındakı nitqindən. 16 mart 2006-cı il)

***

Əlverişli coğrafi məkanda yerləşməsinə rəğmən Azərbaycan bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir. TRASEKA, "Şimal-Cənub" kimi iri nəqliyyat dəhlizlərindən sonra yeni bir layihə bir neçə ildir ki, gündəmdədir: BAKI-TBİLİSİ-QARS. Azərbaycan bu yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atdı. Bəri başdan deyək ki, gətirə biləcəyi bütün iqtisadi dayaqlarla yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi  olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir.

Azərbaycanın xüsusilə önəm verdiyi beynəlxalq layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları  rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda,  həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək  marağında olan başqa ölkələrin də sıx nəqliyyat  əlaqələri qurmasına böyük imkanlar açacaqdır.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağantısı layihəsinin aktuallaşması prosesinə xronoloji ardıcılıqla nəzər salaq.

TARİXİ İNKİŞAF MƏRHƏLƏSİ:

Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı" layihəsi barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılmışdır. 20-21 iyul 2002-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev  14 iyun 2004-cü ildə  Gürcüstana rəsmi səfəri zamanı Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə keçirdiyi mətbuat konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini söyləmiş və Azərbaycanın da bu layihədə iştiraka hazır olduğunu bildirmişdir.

Həmin vaxtdan layihənin reallaşması istiqamətində danışıqlar daha da intensivləşdirilmişdir. Belə ki, ötən müddət ərzində bu bağlantının reallaşması istiqamətində də bir sıra görüşlər keçirilmişdir

2-5 avqust 2004-cü ildə Ankarada keçirilən Azərbaycan-Türkiyə nəqliyyat əlaqələrinin inkişafı və Bakı-Tbilisi-Qars layihəsi üzrə danışıqlara həsr olunmuş görüşdə tərəflər, ilk növbədə, mühəndis-axtarış işlərinin aparılması və uyğunlaşdırılması layihəsinin hazırlanması barədə razılığa gəlmişlər.

14 noyabr 2004-cü ildə Avropa Komissiyasının təşəbbüsü ilə Bakıda keçirilmiş Nəqliyyat Nazirlərinin Konfransında layihənin vacibliyi və regional xarakter daşıması barədə Azərbaycan, Türkiyə və Gürcüstan  tərəfləri birgə bəyanat imzalamışlar.

28 dekabr 2004-cü ildə bu  layihə ilə bağlı növbəti görüş keçirilmiş və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunmuşdur.

Burada bir vacib faktı da xatırlamağı lazım bilirik. Belə ki, 2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında mühüm bir sənəd də imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Respublikasının Prezidenti Mixail Saakaşvili və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında Bəyannamə imzaladılar. Bu Bəyənnamə əslində hər üç ölkə rəhbərinin Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu bağlantısı layihəsinini nə qədər gərəkli olduğuna bir baxış idi.

Daha bir görüş 21 iyul 2005-ci ildə keçirilmişdir. Layihə üzrə marketinq işlərinin görülməsi və Texniki-İqtisadi Əsaslandırma sənədlərinin hazırlanması məqsədi ilə Türkiyə Respublikasında keçirilmiş tenderdə "Yüksel Domaniç" şirkəti qalib elan edilmişdir. Bu ilin sonuna qədər mühəndis-dizayn işlərinin tamamlanması, 2006-cı ilin ortalarına qədər isə Texniki-İqtisadi Əsaslandırmanın hazır olacağı qərara alınmışdır.

19-20 sentyabr 2005-ci ildə Ankarada Türkiyə, Gürcüstan, Azərbaycan dəmir yolları işçi qruplarının, həmçinin həmin ölkələrin nəqliyyat nazirlərinin üçtərəfli görüşləri zamanı bu gərəkli layihənin gerçəkləşməsi üzrə müvafiq müzakirələr aparılmışdır.  Bu görüşdə yeni dəmir yolu bağlantısı barədə Azərbaycan tərəfindən hazırlanmış "Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı" xətti haqqında Saziş layihəsi Türkiyə və Gürcüstan tərəflərinə təqdim edilmiş, Əlaqələndirmə Şurasının yaradılmasına dair razılıq əldə edilmişdir.

5-7 dekabr 2005-ci ildə Tbilisi şəhərində, 4-5 may 2006-cı ildə Ankara şəhərində İşçi Qruplarının yığıncaqları keçirilmişdir.

13 iyul 2006-cı ildə Tbilisi şəhərində nəqliyyat nazirlərinin müavinlərinin  rəhbərliyi ilə İşçi Qruplarının beşinci yığıncağı keçirilmişdir.

13 oktyabr 2006-cı ildə Bakıda Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində Gürcüstanın iqtisadi inkişaf naziri İ. Çoqovadze ilə növbətim görüş keçirilmişdir.

25 dekabr 2006-cı ildə Gürcüstanın Baş naziri Zurab Noğaideli Bakıya rəsmi səfərə gəlmişdir. Həmin gün iki ölkənin hökumət başçıları Artur Rasizadə və Zurab Noğaideli arasında təkbətək görüş olmuşdur. Azərbaycanın Baş naziri A. Rasizadə jurnalistlərə müsahibəsində danışıqların yekunları barədə demişdir ki, gələn ilin (2007-ci ilin) yanvarında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin sənədləşdirilməsinə dair işlər başa çatacaq və müvafiq saziş imzalanacaqdır. Tikinti-bərpa işlərinə mayda başlamaq planlaşdırılır.

12 yanvar 2007-ci ildə Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin son variantı iştirakçı dövlətlərin nəqliyyat nazirlərinin görüşündə müzakirə olunmuşdur. Həmin görüşdə Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmməd Gürcüstanın   iqtisadi inkişaf naziri Georgi Arveladze ilə Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə dair iqtisadi-texniki məsələləri müzakirə etmişdir. Danışıqların nəticəsi olaraq, nazirlər iki sənəd imzalamışlar. Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov danışıqların məhsuldar keçdiyini, çərçivə sazişinin və hökumətlərarası  maliyyə-kredit ayırmaları ilə əlaqədar sənədlərin bütün bəndlərinin müzakirə olunub razılıq eldə edildikdən sonra paraflandığını bildirmişdir. Nazir vurğulamışdır ki, bu sənədlərlə hökumət başçıları tanış olduqdan sonra  onların hansı qurum tərəfindən imzalamasına icazə verəcəklər. Bu proseslərdən sonra sənədlər parlamentlərin təsdiqinə veriləcək və saziş layihəsi qüvvəyə minəcəkdir. Bundan sonra isə bank agentliyi ilə məsul qurum arasında razılaşma olacaqdır. Ümid edirəm ki, bu da tezliklə həllini tapacaqdır. Çünki hər iki tərəf işə yubanmadan başlanılmasına tərəfdardır.

Azərbaycan Respublikasının Prezidenti  İlham ƏLİYEV digər mühüm məsələlərdə olduğu kimi, Bakı-Tbilsi-Qars dəmir yolu bağlantısının da reallaşmasında öz qəti mövqeyini ortaya qoymuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2006-cı ildə keçirilən birinci rübün yekunlarına həsr olunmuş iclasında ölkə  başçısı bu məsələyə bir daha qayıtmışdır: "Artıq ikinci rüb başlayıb və mən əminəm ki, nəticələr yaxşı olacaqdır. Ümumiyyətlə, belə görıünür ki, 2006-cı il  Azərbaycan üçün ən uğurlu il oalcaqdır. Bu ildə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbiilsi-Ərzurum neft-qaz kəmərləri işə düşəcəkdir. Əminəm ki, biz bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlaya bilərik. İƏT-in zirvə görüşündə iştirak etmiş Türkiyənin Baş naziri ilə də bu barədə çox ətraflı söhbət aparılmışdır. Azərbaycan tərəfi bir daha bildirmişdir ki,  günü bu gün Azərbaycan öz tərəfindən maliyyə öhdəliyi götürməyə hazırdır və artıq gələcək konsorsium un konturları görünməkdədir. Bu yol bizə çox lazımdır. Bu yol Asiyanı Avropa ilə birləşdirir və yolun tikintisi hər cəhətdən       Azərbaycanın milli maraqlarının daha da dolğun şəkildə təmin olunmasına xidmət göstərəcəkdir".

Layihə ilə bağlı danışıqların məntiqi zirvəsi, 7 fevral 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin layihəsinin artıq başlanması ilə bağlı sazişi imzalanması olmuşdur.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Gürcüstanda işgüzar səfərdə olmuşdur. Həmin gün Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlıgın ugurla inkişaf etdiyi bildirilmişdir. Prezidentlər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həm ikitərəfli, həm də regional əlaqələr baxımından əhəmiyyətini xüsusi vurgulamışlar. Bildirilmişdir ki, bu əməkdaşlıgın xalqlarımızın rifahının yüksəldilməsində də böyük rolu olacaqdır. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdirdir.

7 fevral 2007-ci ildə   Gürcüstan Parlamentinin binasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın üctərəfli görüşü olmuşdur. Gürcüstan Prezidenti Mixail Saakaşvili bu görüşün və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətini vurğulamış, onun regional əməkdaşlığın inkişafına xidmət edəcəyini söyləmişdir.

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin zəruriliyindən danışaraq demişdir ki, bu, bizi daha sıx birləşdirəcək, regional əməkdaşlığı daha da genişləndirəcəkdir. Bu layihənin həyata keçirilməsi həm də regiona sabitlik, sülh gətirəcək və ümumiyyətlə ölkələrimizin, xalqlarımızın iqtisadi maraqlarına cavab verir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft, qaz kəmərlərinin iqtisadi əhəmiyyətindən danışan dövlətimizin başçısı bildirdi ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi əlaqələrimizi daha da möhkəmləndirəcəkdir. Üç ölkə arasında enerji sahəsində əməkdaşlıq var, lakin qeyri-neft sektorunda da əlaqələrin genişlənməsi vacibdir və hazırda bu istiqamətlərdə konkret işlər görülür.

Prezident İlham Əliyev 2007-ci ildə Azərbaycanın neft və qaz hasilatını və ixracını genişləndirəcəyini bildirmiş və demişdir ki, bu gün görülən işlər, ölkələrimiz və xalqlarımız arasında, eləcə də regional əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinə xidmət edir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən danışarkən onu "Dəmir İpək yolu" adlandırmışdır. O, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri də daxil olmaqla, üç böyük layihənin regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfə verdiyini dedi və xalqlarımızın firavanlığı üçün əhəmiyyətini vurğulamışdır. Baş nazir dedi ki, Asiya ilə Avropanı birləşdirəcək dəmir yolu layihəsi regional əməkdaşlığa daha bir nümunədir.

Elə həmin gün (7 fevral 2007-ci il) Gürcüstan Parlamentinin binasında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli regional əməkdaşlıq sammiti sənədlərinin imzalanması mərasimi olmuşdur.

Əvvəlcə Gürcüstan Prezidenti Mixail Saakaşvili, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etmişlər.

Gürcüstan Respublikasının Prezidenti Mixail Saakaşvilinin Bəyanatından:

Biz bilirik ki, regionumuzda digər vacib layihələr də nəzərdə tutulur və gələcək üçün böyük layihələr də var. Lakin həmin layihələr arasında bu layihə adi insanların, vətəndaşların, xalqlarımızın həyatının daha da yaxşılaşdırılması üçün ən vacib bir layihədir. Bu layihə bizim üçün iki siyasi məna daşıyır və ümumiyyətlə, tamamilə strateji baxımdan yeni bir durumun formalaşmasına zəmin yaradacaq, üç ölkəni bir-birinə daha da yaxınlaşdıracaqdır. Bir tərəfdən, Mərkəzi Asiya, Çin, digər tərəfdən, Avropa bu məkanda qovuşacaqlar. Biz artıq yeni mərhələnin başlanmasından danışa bilərik. Bunu İpək yolunun bərpası layihəsinə də aid etmək olar. Bu o deməkdir ki, layihə hər bir ölkə üçün fayda gətirəcək, həmçinin tərəfdaşlarımız üçün də xeyirli olacaqdır. Hazırkı layihə bizim gələcəkdə atacağımız addımların uğurunun əsas şərtidir. Hər üç ölkə əlindən gələni əsirgəməyəcək, yük daşımalarını davam etdirəcəkdir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bəyanatından:

\Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin də bu mərasimdə iştirak etməsi bizləri son dərəcə məmnun etmişdir. Çünki bu gün bir yerə toplaşmaqla birlikdə dünyaya çox mühüm mesaj veririk. Regional əməkdaşlıq necə ola bilər - bunun nümunəsini göstəririk. Regional əməkdaşlıq edərkən hazırda üçüncü addımı atırıq. Birinci addım, bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan neft kəməri idi. İkincisi, Bakı-Tbilisi-Ərzurum, digər adı ilə "Şahdəniz" layihəsi idi. İndi də üçüncü addımı atırıq. O da Bakı-Tbilisi-Qars layihəsidir, tarixi İpək yolunun artıq bir dəmir yoluna çevrilməsi hadisəsidir. Təbii ki, bunun arxasınca gələn müxtəlif layihələr də var. Ancaq bu həmrəylik, sadəcə, regional əməkdaşlıqla məhdudlaşmır. Eyni zamanda bu dəmir yolu üzərindəki hər bir stansiya bir sülh stansiyası, dostluq və həmrəylik stansiyası olaraq, dünyaya mesajını verir. Qafqazın vəziyyəti hər kəsə məlumdur. Ancaq indi Qafqaz bu regional əməkdaşlıqla fərqli bir mesaj verərək, artıq bir həmrəylik mərkəzi olduğunu nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bəyanatından:

Əlbəttə ki, bu layihələrin həyata keçirilməsində çoxlu vacib amillər olmuşdur - peşəkar insanlar, bizə dəstək verən maliyyə qurumlarının imkanları, bizimlə bərabər çalışan xarici neft şirkətlərinin yatırımları, investisiyaları ilə fəaliyyəti. Ancaq ilk növbədə, bu, üç ölkənin iradəsi və qətiyyətidir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başlanması ilə əlaqədar imzalanacaq sənədlər bu görülən işlərin məntiqi nəticəsidir. Əgər bu böyük layihələrin adlarına fikir versəniz görərsiniz ki, bunlarda da oxşarlıq var: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars. Yəni Bakı ilə Tbilisi və Türkiyənin üç şəhəri. Bu, onu göstərir ki, üç ölkə arasında olan əməkdaşlıq öz konkret nəticələrini verir. Onu göstərir ki, bizim strateji xəttimiz, siyasətimiz uğurludur. Bu, bir daha bizim siyasətimizin təntənəsinin əlamətidir. Xüsusilə, yeni müstəqil ölkələrin - Gürcüstanın, Azərbaycanın müstəqilliyinin bir daha təntənəsidir. Biz sübut etdik ki, müstəqil ölkələr kimi yaşaya və yaxşı yaşaya bilərik, qarşımızda duran bütün vəzifələri özümüz həll edə bilərik.

Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlər imzalanmışdır.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Regional əməkdaşlığa ümumi baxış haqqında Tbilisi Bəyannaməsi"ni imzalamışlır.

"Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında saziş"i Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan tərəfindən iqtisadi inkişaf naziri Georgi Arveladze, Türkiyə tərəfindən nəqliyyat naziri Binali Yıldırım imzalamışlar.

"Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Karksaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya - yenidən qurulması və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında saziş"i Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan tərəfindən iqtisadi inkişaf naziri Georgi Arveladze imzaladılar.

"Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsinin şərtlərinə dair kredit sazişi"ni Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Cahangir Hacıyev, "Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan" Səhmdar Cəmiyyətinin baş direktoru Samir Vəliyev və "Marabda-Karksaxi Dəmir Yolu" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ramaz Georqadze imzaladılar.

Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev 21 fevral 2007-ci ildə "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzaladı.  Sərəncamda qeyd olunur: "Azərbaycan Respublikasında aparılan uğurlu sosial-iqtisadi quruculuq işləri nəticəsində ölkədə iqtisadi inkişafın yüksək artım tempinə nail olunmuşdur, dövlətimizin iqtisadi qüdrəti gücləndirilmişdir və bu istiqamətdə fəaliyyət ardıcıl surətdə davam etdirilir. Heydər Əliyev neft strategiyasının tarixi bəhrələri olan Bakı-Tbilisi- Ceyhan Əsas İxrac Boru Kəmərinin fəaliyyətə başlaması, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəmərinin istismara verilməsi və bununla da Azərbaycanın dünya bazarına neft və qaz ixrac etmək imkanı əldə etməsi Avropa Qonşuluq siyasəti çərçivəsində səmərəli əməkdaşlığı daha da genişləndirir, dövlət müstəqilliyi və suverenliyimizin möhkəmlənməsini təmin edir. Bu qlobal layihələrin tarixi baxımdan qısa zaman ərzində müvəffəqqiyyətlə həyata keçirilməsi ölkəmizin regionda aparıcı mövqelərə yiyələnməsi ilə yanaşı, dünyada baş verən siyasi və iqtisadi proseslərdə də çəkisinin artmasına səbəb olmuşdur.    

Eyni zamanda, Azərbaycanın geosiyasi vəziyyəti və dünyanın müxtəlif istiqamətlərini birləşdirən ticarət yollarının kəsişməsində yerləşməsi ilə əlaqədar ölkəmiz Tarixi İpək Yolunun bərpası çərçivəsində həyata keçirilən və geniş perspektivə malik Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması məqsədini daşıyan TRASEKA Proqramının mühüm iştirakçılarından biri olmuşdur. Bununla bağlı bir sıra irimiqyaslı proqramların reallaşdırılması nəticəsində yaxın və uzaq xarici ölkələrlə qurulan faydalı iqtisadi münasibətlər daha da genişləndirilmiş, ticarət dövriyyəsi sürətlə artmış, Azərbaycan tranzit yüklərinin daşınmasının həcminə görə regionda mühüm ölkəyə çevrilmişdir.

Nəqliyyat infrastrukturunun diversifikasiyasında, beynəlxalq yük daşımalarının Azərbaycan ərazisindən tranzitinin daha da artırılmasında, regional əməkdaşlığın inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcək yeni nəqliyyat dəhlizinin yaradılması məqsədi ilə təşəbbüsümüzlə Azərbaycan Respublikasının, Gürcüstanın və Türkiyə Respublikasının prezidentləri tərəfindən Azərbaycan, Gürcüstan və Türkiyə arasında birbaşa dəmir yolu bağlantısını nəzərdə tutan "Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı" barədə Birgə Bəyanat imzalanmışdır". 

Bütövlükdə davamlı inkişaf və təhlükəsizliyin təminatına yönəlmiş, Xəzər hövzəsi regionunun və Mərkəzi Asiya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropaya çıxışına, nəticə etibarilə, Azərbaycanın Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin Azərbaycan üçün siyasi və iqtisadi əhəmiyyətini nəzərə alaraq, layihə üzrə maliyyə və digər təşkilati məsələlərin həll edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi məqsədi ilə Sərəncama əsasən, Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya MƏMMƏDOVun sədrliyi ilə komissiya yaradılmışdır.

Eyni zamanda, Sərəncama əsasən  "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin  həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Hökuməti tərəfindən işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə həvalə edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılmışdır ki, bir ay müddətində "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin həyata keçirilməsi ilə bağlı artan beynəlxalq daşımaların təmin edilməsi məqsədi ilə Azərbaycan Dövlət Dəmir Yolunun 2007-2010-cu illərdə inkişafına dair Dövlət Proqramı layihəsi zazırlanıb Azərbaycan Respublikası Prezidentinə təqdim edilsin. Artıq bu istiqamətdə müəyyən işlər görülməkdədir.

Xatırlatmaq lazımdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Çərçivə Sazişinə əsasən, Azərbaycan layihənin həyata keçirilməsi üçün Gürcüstana illik 1 faizlə 25 il müddətinə 200 milyon dollar kredit verəcəkdir. Bu dəmir yolu vasitəsilə ilk illərdə 5 milyon ton yük, növbəti illərdə isə 15 milyon tona qədər yük daşınacağı gözlənilir.

Azərbaycan Respubkasının, onun nəqliyyat strukturlarının reallaşmaqda olan beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı naxələflərimizi narahat etməyə bilməzdi. Belə ki, ABŞ-ın bir qrup ermənipərəst konqresmeni Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsini əngəlləmək üçün Qars-Gümrü dəmir yolunun mövcudluğunu ortaya atıblar. Bu, əslində, elan olunmamış müharibəyə cəlb olunmuş Azərbaycanın haqq səsinə ikili standartlar çərçivəsində münasibət bəsləndiyini göstərir.

Onu da qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının uzunluğu 98 kilometrdir. Bunun 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisində tikiləcək. İlkin qiymətləndirmə göstərib ki,  yolun tikilməsi üçün 250 milyon ABŞ dolları lazım olacaq. Bunun da 200 milyon ABŞ dolları Türkiyə sahəsinə, 50 milyon ABŞ dolları Gürcüstan sahəsinə yönəldiləcək. Lakin layihənin toplam dəyəri 400 milyon ABŞ dolları həcmində dəyərləndirilir. Layihənin texniki-iqtisadi əsaslandırılmasını Türkiyə tərəfi öz üzərinə götürüb və bunun üçün 1 milyon dollar vəsait ayırıb. Yeni yolun uzunluğu köhnə yolla müqayisədə xeyli qısadır. Bu da Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi cəhətdən səmərəli olduğunu bir daha sübut edir.

Bu fikrin tam dəstəyi kimi, BMT-nin Avropa İqtisadi Komissiyasının  Trans-Avropa dəmir yolları baş planının yekun hesabatına (mart 2005-ci il) bu layihə birinci dərəcəli prioritet  layihə kimi və 4 bal qiyməti üzrə daxil edilmişdir.

Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dövlət Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir. Araşdırmalara görə, gələcəkdə Rusiyanın da Bakı-Tbilisi-Qars dəmir yolunun xidmətlərindən istifadə etməsi istisna olunmur. Rusiya bu layihəyə maraq göstərir və bu sahədə mümkün əməkdaşlıq imkanlarını araşdırır. Ekspertlərin araşdırmalarına görə  Rusiyanın Bakı-Tbilisi-Qars layihəsində iştirak etməyə maraq göstərməsi təbiidir. Rusiya bu nəqliyyat arteriyasına qoşulsa, Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yüklər qəbul edə və ya əksinə göndərə bilər. Əksər təhlilçilər tezliklə digər dövlətlərin də bu layihəyə maraq göstərəcəyini düşünürlər. Gecə deyərlər, Qədim İpək Yolunun Dəmir İpək Yoluna çevrilməsi prosesi başlandı.

28 sentyabr 2016-cı ildə  "Stadler Rail Group" şirkətinin İsveçrənin Altenrayn şəhərində yerləşən zavodunda “Azərbaycan Dəmir Yolları” sifarişi ilə və gələcəkdə "Bakı-Tbilisi-Qars" dəmir yolu xəttində hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilmişdir.

Tədbirdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, "Stadler Rail Group" şirkətinin prezidenti Peter Şpuler, Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri Əkrəm Zeynallı və hər iki tərəfin nümayəndə heyəti iştirak etmişlər.

Gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlik olacaqdır.

Müasir texnoloji üstünlüklərlə təchiz olunmuş vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcəkdir. Müqaviləyə əsasən 2016-cı ilin iyul-avqust aylarında ilk on vaqonun istismara buraxılması nəzərdə tutulub.

15 oktyabr 2016-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə  İpək Yolu Forumu keçirilmişdir. 

İki gün davam edən Forumda Azərbaycan, Türkiyə, Çin, ABŞ, Əfqanıstan, Sloveniya, İtaliya, Çexiya və Qazaxıstan daxil olmaqla 30 ölkənin, eləcə də 20 beynəlxalq maliyyə və donor təşkilatının rəhbərləri iştirak edirlər. Ümumilikdə forumda 1000-ə yaxın qonaq iştirak etmişlər.

Forumda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində ölkəmizin aktiv iştirakından, beynəlxalq nəqliyyat qovşağına çevrilməsi baxımından İpək Yolunun ölkəmiz üçün vacibliyindən, Azərbaycan və Gürcüstan arasında birgə tarif siyasətindən bəhs etmişdir.

23 yanvar 2016-cı ildə   Türkiyədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə ediblər.

Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tarixi, mövcud vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib.

Bildirilib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb. Dizel yanacağı ilə işləyən lokomotivlər bütün yolboyu maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqustunadək tamamlanacaq və yol istismara veriləcək.

Bağlantının Türkiyə hissəsində tikinti işlərinin 80 faizinin görüldüyünü deyən Binali Yıldırım məlumat verib ki, bir çox tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonunadək başa çatdırılacaq.

Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin müəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılığa gəliblər.

«Bakı-Tbilisi-Qars» yeni dəmir yolu xətti layihəsi çərçivəsində Marabda-Türkiyə sərhəddi (Kartsaxi) sahəsinin Marabda-Axalkalaki (stansiya istisna olmaqla) ərazisində tikinti, reabilitasiya-rekonstruksiya, Axalkalaki stansiyasında, Axalkalaki (stansiya istisna olmaqla)-Türkiyə sərhəddi (Kartsaxi) ərazisində tikinti işləri aparılır.

Marabda-Axalkalaki (stansiya istisna olmaqla) ərazisində reabilitasiya,rekonstruksiya və tikinti işlərinin icrası üç mərhələdə həyata keçirilir:

          - I mərhələ - uzunluğu 29,2 km olan Marabda-Tetritskaro sahəsi;

          - II mərhələ - uzunluğu 49,7 km olan Tetritskaro-Tsalka sahəsi;

          - III mərhələ - uzunluğu 74,1 km olan Tsalka-Axalkalaki sahəsi.

I mərhələ - ümumi uzunluğu 29,2 km olan Marabda-Tetritskaro sahəsində (Tetritskaro stansiyası daxil olmaqla) yolun torpaq yatağında , üst quruluşu elementlərində , süni qurğularda, elektrik təchizatı, rabitə və İMB qurğularında ,mülki və inzibati binalarda reabilitasiya,rekonstruksiya və tikinti işləri əsasən başa çatdırılmışdır. Stansiyalarda qaz ,su , istilik və çirkab suların axıdılması xətləri çəkilmiş və istismara hazırdır.

Sahədə qatarların elektrovozla hərəkəti təmin edilmişdir.

II mərhələ - ümumi uzunluğu 49,7 km olan Tetritskaro-Tsalka (Tsalka stansiyası daxil olmaqla) sahəsində aşağıdakı reabilitasiya-rekonstruksiya, tikinti işləri aparılmışdır:

Dəmir yolun torpaq yatağında,  yolun üst quruluşu elementlərində, 111 süni qurğuda  işlər əsasən başa çatdırılmış, 2 qarəleyhinə çəpərin tikintisi davam etdirilir.

Sahəyə lifli optik rabitə  və işarəvermə kabelləri qoyularaq, üstü örtülmüşdür. Ərazidə rabitə, işarəvermə,mərkəzləşmə qurğularında sazlama  işləri aparılır.

Stansiyaların vağzal binalarında, mülki və yardımçı binalarda işlər əsasən başa çatdırılmışdır.

Nadarbazevi və Bedeni dartı yarımstansiyalarında işlər əsasən başa çatdırılmış, elektrik kontakt şəbəkəsində və  VL-10 kV AB və PG elektrik ötürücü xəttində dəyişdiriləcək 1924 yeni dəmirbeton dirək dəyişdirilmiş,kontakt şəbəkəsində reabilitasiya, rekonstruksiya və tikinti işləri davam etdirilir.

III mərhələ - ümumi uzunluğu 74,1 km olan Tsalka (Tsalka stansiyası istisna olmaqla)-Axalkalaki (Axalkalaki stansiyası istisna olmaqla) sahəsində aşağıdakı işlər görülmüşdür:

          1. Sahədə yolun torpaq yatağında işlər əsasən başa çatdırılmışdır.

2. Ərazidəki 179 ( 4 qar yığımı əleyhinə qalareya,11 körpü və yol keçidi, 8 daş qırıntılarının axması əleyhinə divar,25 qar yığını əleyhinə divar, 131 müxtəlif su ötürücü boru) süni qurğuda 25 qar yığımı əleyhinə divar və 8 daş qırıntılarının axması əleyhinə divar istisna olmaqla, işlər əsasən başa çatdırılmışdır.

3. Sahədə yolun üst qurluşu elementləri tam dəyişdirilmişdir.

4. Trialeti, Pokani və Ninotsminda dartı yarımstansiyalarına yeni avadanlıq və qurğular gətirilərək, onların montacı, kontakt şəbəkəsində  ( 1990 dirək basdirilaraq, naqilin asılması), VL-10 Kv AB və PG elektrik ötürücü xəttinin reabilitasiya,rekonstruksiya və tikinti işləri davam etdirilir.

5. Trialeti,Taparavani,Pokani və Ninotsminda   stansiyasiyalarında vağzal binalarının rekonstruksiyasında işlər əsasən başa çatdırılmışdır.

Stansiyalarda isinmə məntəqələrinin, sahədə 5 keçid, 5 mühafizə məntəqəsinin tikintisi davam etdirilir.

6. Sahədə lifli optik rabitə  və işarəvermə kabelləri qoyularaq, örtülmüş, rabitə , işarəvermə, bloklama və mərkəzləşmə qurğuları gətirilərək, onların yerləşdirilməsi və montajı işləri aparılır.

Marabda-Axalkalaki sahəsində sınaq yük qatarının  hərəkəti təmin edilmişdir.

Axalkalaki stansiyasında vağzal binasının, yolun torpaq yatağının, süni qurğuların tikintisində işlər davam etdirilir. Yolun torpaq yatağında, dəmir-beton boru-yolkeçidinin, piyada körpüsünün, dartı dalanının,təkər arabacıqları dəyişdirilən məntəqənin, mərkəzi MPÜ postunun, konteynar meydançasının , yükləri vaqondan-vaqona boşaldıb doldurma məntəqəsinin , inert yüklər boşaldılan estakadanın, sərnişinlər üçün yüksək platformaların, suötürüjü borunun,sərnişinlərin keçidi üçün tunelin, patrul üçün, avtomobillər üçün yolların, dartı yarımstansiyasının, xarici su təchizatı xəttinin çəkilməsi , inzibati binaların tikintisində işlər davam etdirilir. Stansiyada 1520 mm izli 3 və 1435 mm izli iki , Axalkalaki -Kartsaxi sahəsindəki km 103÷000-dək yola rels və şpal qoyularaq, Axalkalaki stansiyası Axalkalaki -Kartsaxi sahəsi ilə birləşdirilmişdir.

 Axalkalaki stansiyasını Axalkalaki-Türkiyə sərhəddi (Kartsaxi) ərazisindəki dəmir yolu ilə birləşdirən 6 dayaqlı 153 m-lik körpünün tikintisində işlər başa çatdırılmış, Gürcüstanın iqtisadiyyat və sabit inkişaf nazirliyinin 09/01-05 № li 22.02.2013-cü il tarixli əmri ilə istismara qəbul edilmişdir.

Ümumi uzunluğu 26,3 km (Gürjüstan ərazisində tikiləjək tuneldə daxil olmaqla) olan Axalkalaki (stansiya istisna olmaqla)-Türkiyə sərhəddi (Kartsaxi) sahəsində Kartsaxi stansiyası da daxil olmaqla aşağıdakı işlər görülmüşdür:

- dəmir yolun torpaq yatağında işlər başa çatdırılmışdır.

- 51 süni qurğunun tikintisi əsasən başa çatdırılmışdır,layihə-smeta sənədlərində nəzərdə tutulmamış 7 süni qurğuda işlər davam etdirilir.

- sahənin 26,3 km-nə, Kartsaxi stansiyasının 1 baş və 6 yan yolunda yolun üst quruluşu elementləri (rels, şpal) qoyulmuş,relslərin qaynaqlanması və yola çınqıl tökülməsi  işləri aparılır.

          Ərazidə ekaloji tarazlığı saxlamaq üçün 50.000 dən artıq ağac əkilmişdir.

Sərhəd stansiyası olan Kartsaxidə vağzal, mərkəzləşdirilmiş post və yardımçı binaların tikintisində tamamlama, digər mülki bina və tikililərdə tikinti  işləri aparılır.

Gürjüstan ərazisində tikiləjək və sahəni Türkiyə ərazisi ilə birləşdirən uzunluğu 2070 m (240 m uzunluqda portalla birlikdə) tunelin tikintisində 1830 m uzunluğundakı sahədə üst keçid işləri tamamlanmış, berma işlərində (yolun alt yatağının qazılması) 1780 m qazılaraq tamamlama və uzunluğu 240 m olan portalda işlər davam etdirilir.

Axalkalaki-Kartsaxi sahəsində işçi sınaq qatarının hərəkəti təmin edilmişdir.

Qeyd edilməlidir ki, tikinti aparılan zaman sahənin Gürjüstan ərazisində torpaq sürüşmələri aşkar edilmiş, bu səbəbdən Gürjüstanı Türkiyə ilə birləşdirəcək  tunelin tikinti  yeri dəyişdirilmiş və nətijədə Gürcüstan ərazisində tunelin uzunluğu layihədə nəzərdə tutulan 1 km 200 m-dən 2 km 070 m-dək ( 240 m uzunluğunda portalla birlikdə ) uzanmışdır.

Tunelin ümumi uzunluğu 4450 m-dir.

Reabilitasiya, rekonstruksiya və  tikinti işlərinin aparıldığı Marabda- Türkiyə sərhəddi(Kartsaxi) ərazisi relyefinə və iqliminə görə mürəkkəbdir.

Dəmir yolu xəttinin mailliyi 35‰-dir.Sahədəki ilk stansiya- Marabda dəniz səviyyəsindən 750 m, 100-cü km-dəki Taparavani stansiyası dəniz səviyyəsindən 2250 m,sonuncu stansiya - Kartsaxi dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir.

Marabda-Türkiyə sərhəddi (Kartsaxi) sahəsində Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin nəzərdə tutulan vaxtda başa çatdırılması üçün işlər davam etdirilir.