(012) 499-48-95 info@ady.az
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində sınaqlar keçirilib 10:52 30.12.2016

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edə bilirlər.

Bu günlərdə Axalkalaki stansiyasındakı təkər cütlərinin dəyişmə məntəqəsində yüklü vaqonun təkər arabacıqları dəyişdirilərək (1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilərək) Türkiyə sərhədi istiqamətinə göndərilməsi sınağı uğurla həyata keçirilib.

Eyni zamanda, stansiyadakı  konteyner meydançasında 40 tonluq kranla iritonnajlı konteynerin vaqondan–vaqona götürülüb-qoyulması sınağı da uğurlu alınıb.

Qeyd edək ki, Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atdı. Gətirə biləcəyi bütün iqtisadi dayaqlarla yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi  olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir.

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları  rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda,  həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək  marağında olan başqa ölkələrin də sıx nəqliyyat  əlaqələri qurmasına böyük imkanlar açacaqdır.

Xatırladaq ki, 21 noyabr 2007-ci ildə Gürcüstanın Tetri-Skaro rayonunda - Marabda stansiyasında Bakı - Tbilisi - Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin , 24 iyul 2008-ci ildə isə Türkiyənin Qars şəhərində Bakı - Tbilisi - Qars bağlantısının Türkiyə hissəsinin  tikintisinə start verilib