(012) 499-48-95 info@ady.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səyyar “ASAN qatar”la tanış olub 11:33 28.12.2016

Prezident İlham Əliyev səyyar “ASAN qatar”la tanış olmaq üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasına gəldi.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

Prezident İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Bakı vaqon deposunda “ASAN qatar” sisteminin tətbiqi ilə bağlı xüsusi vaqonlar hazırlanıb. Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.

Dövlətimizin başçısı səyyar “ASAN qatar”larda yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, ölkəmizdə geniş dəmir yolu şəbəkəsindən, mövcud infrastrukturdan, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara yeni konsepsiya ilə xidmət göstərilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev səyyar “ASAN qatar” xidmətinin fəaliyyətə başlamasını bildirən düyməni basdı.

“ASAN qatar”da ölkəmizdə dəmir yolu nəqliyyatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının, həmçinin “ASAN xidmət” mərkəzlərinin açılışlarında iştirakının əks olunduğu foto-guşə yaradılıb. Səyyar “ASAN qatar” vasitəsilə 4 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9 növ xidmət göstəriləcək. Eyni zamanda, qatarda 3 növ funksional yardımçı xidmətlər - foto və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilib.

Burada ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin xidmətləri üçün ayrıca pəncərə yaradılıb. “ASAN qatar”da 25 əməkdaş, 6 könüllü işləyəcək. Qeyd edək ki, bu günədək “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilən irihəcmli xüsusi avtobuslar səyyar formada əhaliyə xidmət göstərir. Prezident İlham Əliyevin tapşırığına əsasən avtobusların sayı artıq 10-a çatdırılıb. Təsadüfi deyil ki, 2013-cü ilin iyunundan bəri 915 minə yaxın vətəndaşa səyyar xidmət göstərilib. Odur ki, səyyar “ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır. “ASAN qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və əhaliyə xidmət göstərəcək. “ASAN qatar”ın ilk gedəcəyi məntəqə Qazax rayonu olacaq.